… Çiçəklər hamısı gözəldir, hamısı təravətlidir. Hər birinin öz könül, göz oxşayan gözəlliyi var. Çiçəklər sevgi nəğməsidir, sevgi çələngidir. Çiçəklər torpağın yerə, biz bəxş etdiyi həyat sevgisidir. Ah çiçəklər, çiçəklər… Sizə nə qədər şeir qoşulub, nəğmə bəstələnib. Hər çiçəyin öz nəğməsi, öz pərəstişkarı var. Amma daha çox şeir həsrətə boyun əyən bənövşəyə qoşulub. Hansı həsrətin yelləri səni əydi bənövşə, o cılız, zərif körkəmin neçə-neçə aşiq-məşuq dillərində əzbər oldu, xatirə yaddaşlarında həkk edildi, gündəliklərin vərəqləri arasına qoyuldu. Bənövşə ətri vərəqlərinə hopub sevgi ünvanına yollandı. Mən də o həsrətlə, o sevgiylə bənövşə taleyini yaşayan 36 illik dostum Sənubər Qasımovanın iş otağına yollanıram. Çox maraqlı, dərd yükü daşıyan bir xanımdır Sənubər. Həm ağıllı, kamallıdır, həm də əqidəsində bütövdür. Gözəl esseləri var, publisistik məqalələri, fəlsəfi fikirləri var. Vətən ağrısı, insan modeli, sosial problemə olan isti, səmimi münasibət bu yazılarının məğzini təşkil edir.
Sənubər Məmmədəli qızı Odlar Yurdumuzun baş şəhəri olan, daim çiçəklənən, inkişaf edən Bakıdandır. 8 sentyabr 1967-ci ildə həmin gözəl kişinin ailəsində dünyaya göz açıb. Biləcəri qəsəbəsindəki 99 nömrəli orta məktəbdə oxuyub. Ali təhsil almaq arzusu onu bir dəqiqə də rahat buraxmayıb (Bu barədə az sonra geniş söhbət açacağam). Ona görə əvvəlcə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmaq istəyib, müsabiqədən keçə bilməyib. Sonra ona Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsin də ali təhsil almaq səadəti nəsib olub.
15 yaşından yazmağa böyük həvəsi olan S.Qasımova o dövrün müxtəlif mətbuat orqanlarında çıxış etməyə başlayıb. Müxtəlif sahələrdən maraqlı qələm məhsulları ilə “Kommunist”, “Bakı”, “Azərbaycan gəncləri” qəzetlərində çap olunmağa başlayıb. Yazdıqca daha da püxtələşib, çap edildikcə isə həvəsi artmağa başlayıb. 1990-cı illərdən işıq üzü görən məşhur “Səhər” qəzeti onun üçün xüsusi məktəb olub. Burada tanınmış qələm sahiblərinin yanında işləmək, təcrübə toplamaq həm məsuliyyət, həm də böyük şərəf hesab edilib. Sənubər xanım bu fikri həmişə xüsusi olaraq qeyd edir. “Səhər”in şinelindən çıxan çox az jurnalist oldu ki, indiyədək bu sahədə qalıb işləsin, mətbuat ənənələrini davam etdirsin. Onlardan biri də məhz Sənubər xanımın özüdür. Burada çalışdığı dövrlərdə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin demək olar ki, bütün tədbirlərini S.Qasımova qələmə alıb. Üç seçki “Səhər” qəzetinin Milli Məclis üzrə parlament müxbiri kimi də fəaliyyət göstərib.
Hazırda İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətinin rəhbəridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yazar-publisistdir.
Bütün ömrü boyu jurnalist işləsə də, Sənubər xanımı sizə publisist kimi təqdim etmək istədim. Çünki jurnalistika ixtisasdır, məktəbi var. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Amma publisistika jurnalistikanın bir qolu sayılsa da, daha çox istedadla bağlıdır…
Publisistika latın dilindən tərcümədə “ictimai” deməkdir. İctimaiyyət üçün qələmə alınan yazılar isə fərqli olmalıdır. Daha doğrusu, publisist xalqın dilində danışmağı bacarmalı, həyatı əks etdirən, insanları düşündürən yazıları ilə özünü təsdiq etməlidir. Mütaliə, dünya görüşü, savad, təfəkkür publisistin yaradıcılığında mühüm rol oynasa da səmimiyyət, sadəlik onun yazı tərzini müəyyənləşdirən ən vacib şərtlərdəndir. Qeyri səmimi publisistin qələmi uğurlu ola bilməz. Əslində publisistika poeziyanın nəsr formasıdır. Ruhu oxşamağı, sehrli dili ilə insanları ovsunlamağı, inandırmağı bacarmalıdır… Sənubər Qasımova da mənim tanıdığım, qələminə hörmət etdiyim publisistlərdən biridir.
O, çox sadə, mədəni, kübar xanımdır. Zəngin dünyagörüşü, mehriban ünsiyyəti onu daha cazibədar, daha əzəmətli göstərir. Dinləməyi bacarır. Gözəl həmsöhbətdir…
1990-cı illərdə, qeyd etdiyim kimi, az qala qısa zaman kəsiyində ölkəmizin aparıcı qəzetinə çevrilməkdə olan “Səhər”in aparıcı, fəal müxbiri olan Sənubər xanımın adı dillər əzbəri idi. Hər nömrədə S.Qasımova imzasını görən oxucu bir növ ona alışmışdı. İmzası çox məşhur idi. Ölkənin ən tanınan, istedadlı jurnalistlərindən biri kimi sevilirdi. Ailə vəziyyəti ilə bağlı az bir zamanda mətbuatda görünmədi. Onu hər dəfə görəndə danlayırdım. Elə indinin özündə də qarşılıqlı olaraq maraqlı polemikalar aparırıq.
Bizi bir-birimizə bağlayan dostluq telləri 1986-cı ildə BDU-nun jurnalistika fakültəsinə sənəd verdiyimiz, imtahan otaqlarında əyləşdiyimiz dövrdən başlayır. Yaxşı xatırlayıram, səhv etmirəmsə, 3-cü imtahan ictimaiyyətdən salınmışdı. Partada yanaşı oturduğum bu qız ilk danışığından mənə şirin, səmimi təsir bağışladı. Yayın cırhacırında əynimdə ağ gödəkçə var idi. Qoluma çoxlu şparqalka (hazır suallar) yerləşdirmişdim ki, vəziyyətdən çıxa bilim. Yerimdə oturub növbəmi gözləyirdim ki, bu şirin səs məni öz aləmimdən ayırdı: – Ay yoldaş, bu istidə darıxmırsan, bişmirsənmi?
Xəstə olduğumu bəhanə elədikdə yenə həmin sualı verdi. Mən də eyni cavabı verdikdən sonra o məni rahat buraxdı. Əslində hazır suallar heç də gərəyim olmadı. Çünki bəxtimdən elə asan suallar düşmüşdü ki, azacıq düşünüb cavab verməyə başlamışdım. Bu məqamı niyə belə xüsusi vurğulayıram? Səbəbini izah edim. Məndən qabaq cavab verən Sənubər xanım imtahan götürən böyük alim, filosof Fuad Qasımzadə ilə xeyli mübahisə apardı, öz haqqını tələb etdi. Rəhmətlik Fuad müəllim isə inadından dönmədi, Sənubər xanımın qiymətini kəsdi. Hiss elədim ki, o, daxilən incimişdi, amma biruzə vermirdi. Mən isə öz-özlüyümdə fikirləşirdim ki, niyə belə savadlı insanların qarşısını alır, keçilməz sədd yaradırlar? Çünki sonradan ali məktəb auditoriyasında təsadüfi daxil olanların aqibəti ilə üzləşəndə tam səmimi deyirəm, Sənubər xanım kimi gənclər yadıma düşdü. Və çox təəssüfləndim…
Oxuduğum müddətdə onu BDU-da görmədim. Gözlərim bir xeyli axtardı. Nə etməli, bu da bir qismət idi ki, mən onu tanımışdım. Bu savadlı, bilikli xanımı “Səhər”in otaqlarında görəndə gözlərimə sanki işıq gəldi. Həmin əhvalatı ona danışanda bir xeyli gülüşdük. Unutduğunu bildirdi. Öyrəndim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır, çox sevindim. Və üstəlik, qəzetin baş redaktoru rəhmətlik Məzahir Süleymanzadə kimi mətbuat nəhənginin yanındadır, onda etibarlı əllərdə olduğunu zənn elədim. Zənnimdə də yanılmamışdım.
Özünün dediklərindən: “Mənim üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur…”
Onu daha yaxşı tanıyan, yaradıcılığına, fəaliyyətinə yaxından bələd olan istedadlı qələm sahibi Rizvan Cəfərov isə Sənubər xanımı belə xarakterizə edir: “Azərbaycanın qadın jurnalistlərindən söhbət gedəndə yadıma ilk düşən qələm sahiblərindən biri də haqqında söz açdığınız Sənubər Qasımovadır. Onu qəzetimizə, əsl jurnalistikaya gəldiyi ilk günlərdən tanıyıram. Həmin illərdən çalışdığım bu qəzetin səhifələrində demək olar ki, bütün oxunan, müxtəlif sahələrdən qələmə alınan məqalələrin, aktual xəbərlərin və sair yazıların altında onun imzasını görmüşəm. Bu imza mənə həmişə doğma olub. Sənubər xanımın özüylə tanışlıqdan sonra əmin olmuşam ki, onun yazıları ilə həyatı bir-birini tamamlayır”…
Onu tanıyan bir rəfiqəsi Sevda Əlizadə də Sənubər xanımın fəaliyyətini göz önünə gətirərkən olduqca qiymətli fikirlər söylədi: “Sənubər yalana, iftiraya nifrət edir. Sözün düzünə dəyər verməyi bacarır. Asudə vaxtlarında komputerdən yenilikləri, dostlarının sosial şəbəkələrdəki yazılarını izləməyi xoşlayır. Mütaliə etməkdən, gözəl musiqi əsərlərini dinləməkdən zövq alır. Məşhur dünya bəstəkarlarının musiqilərinə saatlarla qulaq assa da, doymur. Deyir ki, bu musiqilər ona yaradıcılıq stimulu verir. Təbiət vurğunudur. Səyahət etmək istəyir, amma vaxt məhdudluğuna görə bu arzusunu həyata keçirə bilmir”.
Özünün yazdıqlarından: “Maddi durumun xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Yaşam dünyamız bizə əmanət verilmiş ruhlarımızın qorunması və gözəlləşdirilməsi üçündür.
Bunun üçün də həyatdakı bütün gözəllikləri qiymətləndirməmiz vacibdir. Eyni zamanda özümüzün də bu gözəlliklərdə bir payı olmalıdır.
Adi xoş münasibətdən tutmuş həyatı ehtiyacların bir çoxunu paylaşmağa qədər hər bir xeyirxah addım ruhumuzu işıqlandırmaqla yanaşı əbədi dünyamızın işıqlı və zəngin olacağına yol açır”.
Bu yazını qələmə alarkən beynimdən belə bir fikir keçdi. Nəhəng ağacların rişələri özündən on dəfələrlə uzun məsafəyə – dərinliyə baş vuraraq, yerin üst və şor süxurlarını dəlib keçir, saf-şirin su mənbələrini taparaq onlardan həmişəyaşarlıq şirəsi çəkir. O səbəbdən də belə nəhənglər uzunömürlü, təzə-tər, barlı-bəhrəli olur. Onların əzəməti göz oxşayır, kölgəsindən neçə-neçə insan faydalanır…
Haqqında söhbət açdığım mətbuat işçimiz də belə nəhənglərdəndir. Onun kökləri 25-30 il əvvəlki azadlıq və müstəqillik beşiyimizdən, 1990-cı illərdən su içməyə başlayıb. Bəlkə də ona görə həmişə xalqa yaxın olub, Azərbaycanın mənafeyini və yüksəlişini heç nəyin, heç kimin ayağına verməyib. Yaxşı deyiblər ki, ot kökü üstə bitər…
“Səhər” qəzetində Məzahir müəllimlə yanaşı tanıdığım və hörmət etdiyim nəhəng qələm sahibləri olub. Ola bilər hamısının ad və soyadları yadımdan çıxıb, amma bu gün onların hər birini görsəm, o illərdəki səmimiyyətlə görüşər, əhvallaşaram. Fəaliyyət göstərdiyi illərdə “Səhər” qəzeti enişli-yoxuşlu yol keçdi. Bu da onun müxtəlif siyasi burulğanlara məruz qalması ilə əlaqədardır. Müxtəlif ideologiyanın tüğyan etdiyi dövrlərdə belə o, xalqın ehtiyacını, dərd-sərini unutmadı. Bir də ki qəzet xüsusi proqramla hərəkət edən “robot” deyil, onu insanlar hasilə gətirir və fəaliyyətini də insanlar müəyyənləşdirirlər. Müstəqillik dövrünün qaranquşlarından olan bu qəzetin də ömür yoluna möhür qoyan insanlar olublar. Ayrı-ayrı xasiyyətli, fərqli əqidəli, müxtəlif qabiliyyət sahibləri olan insanlar. Jurnalistika aləmində belə bir zərb-məsəl var: “Hər bir qəzet öz redaktoruna oxşayır”. Yaxud bu fikri başqa deyimlə ifadə edirlər: “Qəzetin sifəti redaktorun sifətidir”. Bu cür ağız deyimlərinin yaranması təsadüfi deyil. Doğrudan da, redaktor uzaq səfərlər gəmisini okean sularında mənzil başına çatdıran kapitana, yaxud uzun yol qət edən karvanın baş bələdçisi sarvana bənzəyir. Hər iki halda uzun və çətin yola çıxanların taleyi bu kapitan-bələdçilərin təcrübəsindən, səriştəsindən, hətta şəxsi keyfiyyətlərindən asılıdır. Qəzet də müəyyən bir yolun yolçusu olduğundan bu səfərin taleyi onu istiqamətləndirən redaktorun kimliyindən çox asılı olur. Mərhum Məzahir Süleymanzadə də belə mogikanlardan biri idi…
Respublikanın müsibətli günlərində, Qara Yanvar hadisələrində qəzet əsl sifətini açıqladı. “Səhər” həftəliyi 20 Yanvar gecəsində ermənipərəst rəhbərliyin əmri ilə sovet qoşunlarının Bakıya soxulmasını, dinc əhaliyə divan tutmasını, şəhəri xarabazara çevirməsini və onlarca şəhid meyitinin küçə və meydanlara sərildiyini fotoşəkillərin müşayiəti ilə dərc etdi. Şəhərdə komendant saatı elan edildiyi, mətbuatın bütünlüklə hərbi senzuranın nəzarətində olduğu bir şəraitdə belə qəzet buraxmaq qəhrəmanlıq idi, örnək olan bir şücaət idi. Sənubər Qasımova da məhz belə bir qəzetdə çalışırdı, daha doğrusu, qismətinə burada işləmək düşmüşdü.
Özünün yazdıqlarından: “Ağrılar yaşayan hər kəsin xoş günləri də olur. O xoş günlərdə payı olanların xoşbəxtliyi isə əvəzolunmazdır.
Bu əvəzolunmazlıqlar hər zaman həyatımızı idarə etsin deyə unutqanlıqdan uzaq olmalı, xeyirxahlığa yol açmalıyıq. O zaman xoşbəxtliyimizin yolu da daim açıq olacaq”.
Və sonda bu fikirlərin davamı olaraq qeyd edim ki, insan çox işə qadirdir: zəkası, məharəti, istedadı ilə qurur yaradır. Kimisi elmi kəşfləri, digəri ixtiraları, başqa birisi şedevr yaradıcılıq qabiliyyəti ilə deyil, insanlıq məziyyətləri, ünsiyyət mədəniyyəti, xeyirxahlıq duyğusu, ziyalılıq dəyəri ilə hamının, onu tanıyan hər kəsin əzizinə, ən dəyərli insan etalonuna çevrilir. Sənubər xanım Qasımova da məhz belə bir insandır, ziyalıdır, yaradıcı şəxsdir.
Sənubər Qasımova saf niyyətli, xoş inamlı, nurlu xanımdır, mərifət və mədəniyyətlilik mücəssəməsidir.
Sənubər Qasımova sərrast qələm sahibi, peşəkar jurnalist, publisist, yaradıcı sənət adamıdır.
Sənubər Qasımova mehriban həyat yoldaşı, etibarlı dost, istəkli anadır.
İzlər içində izi olanlar xoşbəxtdirlər – Sənubər Qasımova kimi!
Və sonda ömrünün 55-ci payızında bütün arzu və muradına çatmasını diləyirik.
Daşdəmir ƏJDƏROĞLU