“İstedadla enerjinin harmoniyası”nı görür, memuar yazmır…

0
24

Onunla rastlaşanda ağla gələn ilk şey qocalığın heç də qorxulu olmaması fikridir. Çünki qarşında yaşından cavan, şux, həyatsevər bir şəxs dayandığından əksini düşünməyə lüzum görmürsən. İllər ötür, o isə zamandan və qocalıqdan sanki asılılıqsız yaşamaqda davam edir.

“Bizimkilər”in qonağı ünsiyyətcilliyilə seçilənlərdəndir. Həmişə, hər yerdə diqqət mərkəzində olmağı bacarır. Adı çəkiləndə xeyli sadalamaq lazım gəlir. Titulları onu vacib, təmtəraqlı göstərir. Bəs təkcə bumu? Yaxşısı, qonağımız akademik Akif Əlizadəylə baş-başa qalmaqdır.

Tanışlıq

Akif Ağamehdi oğlu Əlizadə 1934-cü ildə Bakı şəhərində ziyalı ailə­sində dünyaya göz açıb. 1956-cı ildə Azər­bay­can Sənaye İnstitutunun (indiki Azər­bay­can Dövlət Neft və Sənaye Universiteti) Geo­loji-kəş­fiy­yat fakültəsini  bitirib.

Əmək fəaliyyətinə “Suraxanıneft”də quyuların təd­qiqi üzrə tex­nik vəzifəsindən başlasa da, cəmi bir neçə aydan sonra – 1957-ci ilin əvvəlindən taleyini ömürlük olaraq elmlər akademiyasına bağlayıb. Geologiya (indiki Geologiya və Geofi­zika) institutunda baş laborant vəzifəsində ilk addımlarını atan qəhrəmanımız 1970-1976-cı illərdə elmi işlər üzrə direktor müavini olub. 1976-cı ildən indiyədək isə institu­tun direktorudur. 

A.Əlizadə 1961-ci ildə geologiya-mi­ne­ralogiya üzrə fəlsəfə doktoru, 1969-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 1980-ci ildə Azər­­baycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası – AMEA) müx­bir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçil­ib. İnstitutut direktorluğuyla yanaşı, 1990-2007-ci illərdə AMEA-nın Yer Elmləri Bölmə­sinin (YEB) akade­mik-katibi, 2007-2013-cü illərdə vtse-prezidenti vəzifələrində çalışıb. 2013-cü ildə isə AMEA-nın prezi­den­ti vəzi­fə­sinə (sayca onuncudur) seçilib və 2019-cu ilin payızınadək quruma rəhbərlik edib.

Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Uni­versitetində mü­hazirələr oxuyan Akif Əlizadə 250-dən çox  elmi əsərin, 9 monoqrafi­yanın, 6 müəlliflik şəha­dətnamə­sinin müəllifi, 15 fəlsəfə doktorunun elmi rəhbəridir.

A.Əlizadə dövlətin yüksək qiy­mətini alıb, “Fə­dakar əməyə görə” yubiley medalı, “Şərəf nişanı”, “Şöhrət”, “Şərəf” və “İstiqlal”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub. Azərbaycanın Əməkdar elm xadimi fəxri adına və Dövlət Mükafatına layiq görülüb. Eyni zamanda Rusiya Təbiət Elmləri Akademiyasının xari­ci üzvü seçilib və həmin qurumun “Elm və mədəniyyət fədakarı” fəxri nişanı ilə mükafatlandırılıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sonradan sovet dönəmində Qafqazın Şeyxülislamı olmuş Axund Ağa Əlizadənin nəvəsi, Mir Mövsüm ağanın bacısı nəvəsidir.

-Salam! Hər vaxtınız xeyir, Akif müəllim! Xoş gördük!

– Əleyküm-salam! Xoş gəlib, səfa gətirmisiniz!

-Necəsiniz? Yazı masanızınızın üstü kitabla, qəzet-jurnalla doludur. Deyəsən bizim gəlişimizə hazırlaşmısınız?

– (Gülür) Allaha şükür, yaxşıyam. Hazırlaşmırdım, təsadüf belə gətirib. Arxivimlə bağlı bəzi şeyləri nəzərdən keçirirdim. Ümumiyyətlə isə işi kitab oxumaqla, təzə məlumat almaqla başlamağı sevirəm. Uzun illərdir bu məndə bir qaydadır. Biz gənc olanda müəllimlərimiz – o dövrün böyük alimləri belə işləməyi tövsiyyə ediblər.

– Qaydalar demişkən, bilirəm ki, siz nizam-intizamı sevirsiniz, məxsusu qrafiklə çalışmaq şakəriniz var. Məsələn, hər səhər mütləq saat 6-da yuxudan oyanır və idman edirsiniz.

– Tamamilə doğrudur. Uşaqlıqdan nizam-intizamlıyam. Bu həm ailədən gəlir, həm də yeniyətmə vaxtı özümə aşıladığım vərdişdən. On dörd yaşımdan altı il ciddi şəkildə idman gimnastikasıyla məşğul olmuşam. Müəyyən dərəcədə bədənimin sağlamlığını təmin etmişəm, güc yığmışam,  xaraktercə möhkəmlənmişəm.

– İdmanın insanın mənən formalaşmağına təsiri şübhəsizdir. Özünü yalnız fiziki yox, həm də iradə, dözüm  baxımından sınağa çəkirsən. Uğurlarınızın bir səbəbi bununla bağlıdır…

– Bəli, bəli! Mən hər səhər idman edirəm. Düz yarım saat. Cavanlıqda bir saat məşğul olurdum. İndi ta fiziki yükü azaltmışam. Yaş ötdükcə bu məqamı nəzərə almaq lazımdır. Uşaq ikən məşqçimin, yaş, fiziki yükün bölünməsi məsələsiylə bağlı dediyini qulağımda ömürlük sırğa eləmişəm.

– Maşallah cavan qalmağınızın bir sirri idmandır…

– Bir sirr, bəli, budur. Məsələnin genetik tərəfinisə yaddan çıxarmayaq. İrsi bağlılıq insanın taleyində mühüm rol oynayır. Sağlam ötürülən gen və bunun qorunub-saxlanılması vacibdir. Gəncliyindən, hətta uşaqlığından adam gərək bu məsələdə diqqətli olsun, nəyə necə qənaəti unutmasın.

– Hər şeyin qədrini bildiyinizdən,  göz dəyməsin, yaşınızdan cavan görünürsünüz. Üstəlik iş başındasınız. Heç kim inanmaz ki, üzü doxsana gedirsiniz.

-Təşəkkür edirəm! Allaha şükür, özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır. Bəzən cavan görünməyimə xüsusi diqqət yetirənlərə isə məşhur bir deyim məncə gözəl cavab olar: Məsələ yaşda deyil, ağılda, dərrakədədir. Vaxtilə məşhur alim Kapitsa (dünya şöhrətli alim Pyotr Kapitsa) “akademiyanı cavanlaşdırmaq lazımdır” söyləyən  Xruşovu (SSRİ-nin rəhbərlərindən biri Nikita Xruşov) dediyim fikirlə susdurub (gülür).

– Rəhmətlik ata-ananız həkim olublar. Və atanız istəyib ki, siz də bu peşəni seçəsiniz.  

– Keçənlərinizə rəhmət! Atam elə istəyirdi. Mən də orta məktəbi gümüş medalla bitirdiyim üçün o vaxtkı qaydaya görə SSRİ ərazisində istənilən ali məktəbə imtahansız qəbul olunmaq hüququm vardı. Amma anam dedi ki, a bala, evdə hamı həkim olmaz ha, başqa sahəyə get. Belədə sənədlərimi Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) verdim. O vaxt oranın tələbələrinin xüsusi geyimi vardı və bu mənim xoşuma gəlirdi.

– Necə deyərlər, geyimin eşqinə geoloqluğu seçdiniz. Amma mədənlərdə qərar tutmadınız.

– Bəli, vur-tut bir neçə ay çalışdım. Elmə meylliydim. O dövrdə də elmlər akademiyasında ştatın azlığından işə düzəlmək qəliz məsələydi. Getdim Musa Əliyevin yanına. Akademiyanın prezidentiydi, məni hörmətlə qəbul etdi, dinlədi. Sonra indi çalışdığım bu instituta göndərdi. Direktor Şəfayət Mehdiyev tanış oldu və baş laborant vəzifəsinə işə götürdü. 1957-ci ilin əvvəlindən buradayam. Allah o kişilərin hər ikisinə rəhmət eləsin!

– Elmlər Akademiyası həmin illərdə cavan təşkilatıydı. Əsas bina gözünüzün qarşısında tikilirdi. Geologiya institutu da qat-qat balacaydı, indi 500 nəfər əməkdaşı var.

– Maraqlı illəriydi. Hər şey xatirimdədir. Mən sayca 96-cı işciydim burada. Həftəsonu iməcliklər keçirilirdi. Xüsusilə cavanlar akademiya şəhərciyinin salınmasında fəal çalışırdılar. Yaxşı mənada bəhsləşmək, yarışmaq keçirdi könlümüzdən.  

– Belə bir dövrdə vəzifə yüksəlişiniz uzun çəkmədi. Ard-arda dissertasiyaların müdafiəsindən sonra 36 yaşında elmi işlər üzrə direktor müavini təyin olundunuz.

– Doğrusu, mən xaricə getmək istəyirdim. Bu, o zaman dəbiydi. Doktorluq müdafiəmi edib, təsdiqini də almışdım. Bir neçə illiyə xaricdə çalışmağı düşünürdüm. 1970-ci ildə Ənvər Əlixanovu nazirlər sovetinin sədri (indiki baş nazir) vəzifəsindən çıxarıb akademiyaya – institutumuza direktorluğa gətirdilər. O əslində geoloquydu, elmlər doktoru dərəcəsi vardı. Mənə elmi işlər üzrə direktor müavinliyi təklif olundu, razılaşdım.

– Altı il sonra artıq instituta siz rəhbərlik etməyə başladınız. Düz 45 ildir bu vəzifədəsiniz.

-Ümumiyyətlə, gəncliyimdə bir neçə ay istehsalatı nəzərə almasaq, bütün həyatım elmlər akademiyasında keçib. Mənə müxtəlif vaxtlarda nazir müavini, mərkəzi komitədə (keçmiş Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi)  elm şöbəsinin müdir müavini və başqa vəzifələr təklif olunub, getməmişəm. İnstitutut direktorluğuyla yanaşı, arada akademiyanın Yer elmləri bölməsinin rəhbəri, vitse-prezidenti kimi çalışmışam, bilirsiniz. Amma prezidenirtliyi gözləmirdim.

– Milli Elmlər Akademiyasının prezidentliyinə ən şanslı namizədlərdən sayıldığınız halda, gözləmirdiniz?

– Bəli, gözləmirdim. Niyəsini deyim. Çünki 79 yaşında adamın belə mühüm vəzifəyə gətirilməsi sizə adi məsələ gəlməsin. Ölkəmizin başçısısa mənimlə bağlı yüksək fikirdəymiş, sağ olsun. Hörmətli həmkarlarım da onun bu qərarına sayğıyla yanaşdılar. Və özümdə etimadı doğruldacağıma tam əminlik yarandı.

– Sizin akademiya prezidentliyinə gəlişiniz əməkdaşların işə ciddi davamiyyəti, intizam tədbirinin görülməsiylə başladı. Hələ sovetin kəshakəs vaxtından ümumən sərbəstliyə, rahat qrafikə alışmış alimlər bu qərarınızı – hər gün girişdə qoyulmuş turniketdən keçməyi  hay-küylə qarşıladılar.

– Haqlısınız! Çoxunun ürəyincə olmadı. Amma mən baxdım ki, başqa cür mümkün deyil. Akademiyada sanki başıpozuqluq vardı. Adamlar elmi-yaradıcı sərbəstlikdən çox nəzarətsizliyə, hesabatsızlığa öyrənmişdilər. Bu xoşagəlməz vəziyyəti aradan qaldırmaq lazımıydı. İşə gecikənlər müvafiq qaydada cərimələndi. Qısa vaxtda nəticəni gördük. Bəzən nəinki günlər, həftələrlə işə çıxmayan əməkdaşlar artıq vaxtlı-vaxtında gəlməyə başladılar.

– Bəs məsələnin elmi səmərəliliyi – məhsuldarlığı tərəfi?

– Bu bilavasitə institut rəhbərlərinin üzərinə düşən vəzifədir və onların bacarığından asılıdır. Yaxşı mənada fərqlənən institutlar oldu. Ümumən adamlar məsuliyyət hiss etdilər.     

– Dissertasiya müdafiə edənləri ağırlaşdırılmış xarici dil minimum imtahanıyla üz-üzə qoymaq hansı ehtiyacdan doğdu?

– Akademiyanın xarici dil kafedrsı barədə biabırçı rüşvət söhbəti aləmi başına götürmüşdü. Bir neçə dəfə xəbərdarlıq etsəm də vəziyyət nizamlanmadı. Axırı TOEFL proqramının tətbiqinə başladıq. O vaxtdan bəri nəticə yaxşılaşıb. Alim üçün dil bilmək vacibdir. Və necə deyərlər, bir dil bilən bir adam, iki dil bilən iki adamdır.

– Dillə bağlı qərarınızı müəyyən mənada geçikmiş hesab etmirsiniz? Deputatın, nazirin, oliqarxın alimlik sevdasına düşməsindən – elmi dərəcəni təsdiqləyən diplomu əldə etməsindən sonra bu sahəni kimlərdən qorumaq istəyirdiniz? Minimum imtahan adıyla maksimum tələb elmi potensiallı aztəminatlı nə qədər adama mane oldu. İnteqrasiya məsələsinə gəlincə, akademiyanın əməkdaşların xaricə səfərini maliyyələşdirməsi haqda heç də müsbət danışılmır…

-Əlbəttə, fikrinizdə haqq var və başadüşüləndir. Amma digər tərəfdən dil bilmək üstünlükdür, inteqrasiya imkanlarıdır. İndi dövrün tələbi başqadır. Elm sürətlə inkişaf edir, ayaqlaşmaq üçün çox şey lazımdır. Alim dil bilmədən kor kimidir. Xaricə bir tədbirə gedə, çıxış edə və başa düşə bilməyəcək. Bizim institutun əməkdaşları il ərzində nə qədər konfranslara, müxtəlif tədbirlərə, ezamiyyələrə gedir, qaynayıb-qarışırlar. Gələcəkdə bu tələbat daha da artacaq, deməli, dil bilmədən ötüşmək çətin olacaq. İnstitutumuzda nəinki dissertasiya müdafiəsi, eyni zamanda doktoranturaya qəbul vaxtı xarici dil bilmək tələbi yüksəkdir. Hətta, mən istərdim ki, ingilis diliylə yanaşı, elmə meylli gənclərimiz rus dilini də mükəmməl öyrənsinlər. Görün, rusca çapdan çıxmış, yayılmış nə qədər gərəkli ədəbiyyat, məlumat var. Bunu bilmək yaxşı olar. Unutmayaq, Rusiya elmlər akademiyası üç yüz illik yubileyi ərəfəsindədir, zəngin irsə malikdir.

– Madam zəngin irs, nüfuz məsələsinə toxundunuz, gəlin bir məsələyə aydınlıq gətirək: bizdəki mənzərə sizi qane edir? Məncə, alimin, elmin dəyəri indi əvvəlki kimi deyil.

– Çox geniş mövzudur. Bu barədə danışarkən kompleks yanaşma gərəkdir. Bir-biriylə əlaqəli amillər var. “Elmin beş üsulu var” deyən rəhmətlik babamın sözü olmasın, sizin dediyiniz məsələ də neçə meyardan asılıdır. Təbii ki, sovet vaxtilə müqayisədə vəziyyət fərqlidir. Bununla belə, bizdə elmə dövlət diqqət və qayğısı mövcuddur. Prezidentimiz imkan daxilində köməyini göstərir. Akademiyada texnoparkın yaradılması elmlə təcrübənin mübadiləsi baxımından əhəmiyyətlidir. Amma yalnız dövlət yardımı kifayət etmir, iş adamlarını da prosesə qoşmağa ehtiyac var. Hələlik bu sarıdan vəziyyət ürəkaçan olmasa da, gələcək barədə bədbin deyiləm.  Alimlətin sosial durumunun yaxşılaşdırılması hamımızı düşündürür. Elm təşkilatının cavanlaşdırılması istiqamətində problem uzun illərdir həllini tapmayıb. Elə əmək haqqı vermək, stimullaşdırmaq lazımdır ki, cavanlar akademiyada işləməyə can atsın. Eyni zamanda yaşa dolmuş əməkdaşın təqaüd təminatı məsələsi də nizamlanmalıdır. Cavanların canatımıyla qocaların vəzifədən getmək istəyi üst-üstə düşməlidir. Bir sözlə, akademiyanın gələcək taleyi onun cavanlaşmasından çox asılıdır. Nəsillərin bir-birini təbii, üzvi şəkildə əvəzləməsindən sonra hər şey rahatca öz yolunda gedə bilər.

– Cəmi 36 il ömür sürən, 1968-ci ildə sui-qəsdin qurbanı olmuş qardaşınız Məsud Əlizadə dövrünün parlaq gənclərindən sayılıb. Respublika komsomoluna rəhbərlik, sonra tibb institutunun (hazırda Azərbaycan Tibb Uuniversiteti) prorektoru vəzifəsi onu qarşıda gözləyən uğurdan xəbər verirdi. Ta məlum hadisəyəcən. Faciənin əsl səbəbi nəydi? Rəhmətliklə bağlı qaranlıq tarix illər ötsə də işıqlanmayıb.

– Rəsmi versiyaya görə həmin yayda qəbul vaxtı bir nəfər ona rüşvət vermək istəyib. Məsudsa götürməyib. Və narazı qalan o şəxs kəsik tüfənglə qardaşımı iş otağında qətlə yetirib. Açılmış cinayət işində hadisə belə əksini tapmışdı… Bu faciə ailəmizi çox sarsıtdı. Rəhmətliyin bir vaxtlar ətrafına cəmlənmiş xeyirxah adamlar ağır günlərimizdə bizi sınmağa, ruhdan düşməyə qoymadılar. Yoxsa dayanmaq, dözmək müşkül iş idi. O şəxslərin bir qismininə rəhmətlik Heydər Əliyev etimad göstərdi, vəzifə verdi. Əksəriyyəti dünyasını dəyişib, ruhları şad olsun! 

– Şərqdə ağsaqqal anlayışı var. Və hər saçı-saqqalı ağarana yox, müdrik qərarlar verən, xeyirxahlığı, nəcibliyilə ailədə, eldə-obada seçilən, nümunə olan şəxsə ağsaqqal deyirlər. Özünüzü ağsaqqal hesab edirsiniz?

– Vallah adamın özünə ağsaqqal deməsi birtəhər çıxır. Uzun illərdir hər yerdə sayğı, diqqət görürəm. Və əgər mənə cəmiyyətdə hörmət, xoş münasibət varsa, fikirlərimi, tövsiyyələrimi məmnuniyyətlə dinləyirlərsə, deməli, ağsaqqal sayıla bilərəm.

– Adınız çəkiləndə geniş təqdimat lazım gəlir. Sizcə, bu təqdimatla həyatdakı gerçək mövqe və çəkiniz uzlaşır?

– Çox düşündürücü sualdır. Hesab edirəm ki, uyğun gəlir. Bütün həyatımı ləyaqətlə yaşamağa, xalqıma xidmət etməyə çalışmışam.

– Gümanımca, görüşümüz maraqlı keçdi. Təşəkkür edirəm, var olun!

– Əlbəttə, xoş oldu. Mən təşəkkür edirəm.

Söhbətimiz bitir. Haqqında yazılan kitabda “…istedadla enerjinin harmoniyası”nı görən qəhrəmanıma, nə cavab alacağımı bildiyimdən bir neçə sualı vermədim. Qapıya sarı gedəndə adəti üzrə qonağı ötürməyindən qalmır. Sağollaşan anda ayaqüstü memuara münasibətini soruşuram. Azacıq fasiləylə “bir səbəbə görə yazmıram” deyir. Səbəbi təxmin edirəm, amma bu barədə ona heç nə demədiyim kimi, sizə də nəsə söyləmək istəmirəm. Qoy, pünhan qalsın…