İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb

0
498

Son 24 saat ərzində İranda koronavirusa yoluxan 151 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O qeyd edib ki, İranda ölənlərin sayı 3603, yoluxanların sayı isə 58 min 226 nəfərə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə olar 22 min 11 nəfər sağalaraq evə buraxılıb.

Prezident Həsən Ruhani Nazirlər Şurasının iclasında bildirib ki, aprelin 11-də karantin rejimi nisbətən yumşaldılacaq. Prezident nəzərə çatdırıb ki, Səhiyyə Nazirliyinin icazəsi ilə bəzi fəaliyyət növləri işə başlaya biləcək. Ali və orta məktəblər, bazarlar, bir sözlə, insanların kütləvi şəkildə toplaşdığı yerlər aprelin 18-dək bağlı qalacaq.

Bu arada, Çin tibbi ləvazimat və preparatlardan ibarət 2 təyyarə humanitar yardımı Tehrana çatdırıb. Çinin İrandakı səfirliyi bəyan edib ki, rəsmi Pekin koronavirus ilə mübarizədə İrana hərtərəfli kömək göstərəcək.

İranın Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir ki, Tehran yaxınlığındakı hərbi zavodların birində süni nəfəs aparatı istehsalına başlanılıb. İstehsal olunan aparatlar təmənnasız xəstəxanalara veriləcək.

İranın Şərif Universitetinin alimləri insanlarda koronavirusu müəyyən etmək üçün test sistemi hazırlayıblar. Universitetin Texnologiya Mərkəzinin rəhbəri Həmidrza Rəbbi bildirib ki, belə test sistemi dünyada yalnız Çində və ABŞ-da var.

Test sistemi kompüter vasitəsilə insanın ciyərlərini müayinə edir və yoluxmanı müəyyənləşdirir.