İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib.

Nazirliyin açıqlamasına görə, bu hücumlar BMT Nizamnaməsinin və 18 iyunda imzalanmış müharibənin dayandırılması barədə memorandumun pozulması kimi qiymətləndirilir.

Bəyanatda eyni zamanda İsrailin Livana həyata keçirdiyi hücumların da həmin razılaşmaya zidd olduğu bildirilib.

İran tərəfi vurğulayıb ki, ölkə özünümüdafiə hüququ çərçivəsində suverenliyini və təhlükəsizliyini qoruyur.

Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin ABŞ-a bağlı hədəflərə endirdiyi zərbələr də bu prinsip əsasında həyata keçirilib.

Bundan başqa, Tehran ABŞ və onunla əməkdaşlıq edən tərəflərin baş verənlərin nəticələrinə görə məsuliyyət daşıdığını bildirib.

İran XİN Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz ərazilərinin İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb, həmçinin BMT və Təhlükəsizlik Şurasını bu məsələyə reaksiya verməyə səsləyib.