İrəvandan müsbət SİQNAL GƏLDİ: Ermənistan bu görüşə hazırdır

0
170

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşə hazır olduğunu bildirib

Bu barədə o, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ilə görüşündə bildirib .

“Ermənistan tərəfi ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı təklifinə müsbət cavab verib”, – məlumatda deyilir.

Qeyd edilib ki, görüş zamanı Lui Bono və Ararat Mirzoyan regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan və Ermənistan saxlanılan hərbi qulluqçuları dəyişdirib.

Azərbaycan xoşməramlılıq əlaməti olaraq 32 erməni əsgərini azad edib. Ermənistan buna cavab olaraq iki azərbaycanlı hərbçini qonşu respublikanın hakimiyyət orqanlarına təhvil verib.

Xatırladaq ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.

Forumda iştirak edən Azərbaycan lideri Ermənistana önəmli mesajlar verib:

“Bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ənənəvi görüşü keçirilmişdir. Biz yalnız müdafiə sahəsində deyil, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli əməkdaşlıq aparırıq. Ermənistan mehriban qonşu olmağa və bu işə yardım göstərmək niyyətini nümayiş etdirəcəkmi? Yenə də bu, açıq məsələdir. Hesab edirəm ki, əgər onlar strateji düşünsələr, Ermənistanın suverenliyini qoruyub saxlamağın yeganə yolu budur. Çünki hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütbdən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil. Mən isə açığı, bu böyük qardaşın əvvəlkindən daha yaxşı olacağına şübhə edirəm. O, həm çox uzaqda yerləşir, regiona bir o qədər də bağlı deyil, həm də istənilən nöqteyi-nəzərdən baxıldıqda öz siyasi, bəlkə də şəxsi iddialı məqsədlərini güdür. Beləliklə, Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir”.