İnsanlar nəzərə alınmır, sponsorların puluna görə addım atılır

0
460

Teatrşünas Xəyalə Rəis qeyd edir ki, ən prestijli teatrlarda belə, planı doldurmaq üçün bayağı musiqilərlə bol olan, tərbiyəvi əhəmiyyətə malik olmayan tamaşalar hazırlanır

Kamal Almuradlı, Sputnik Azərbaycan

Sputnik.Azərbaycanda fəaliyyət göstərən teatrlar artıq yeni mövsümü açıq elan ediblər.

Amma teatrların repertuarlarına nəzər yetirdikdə yeniyetmələr üçün tamaşaların çox az sayda olduğunu müşahidə edirik. Yaşlı və kiçik yaş qrupu üçün tamaşalar olsa da, nədənsə yeniyetmələr nəzərə alınmır.

Etiraf edək ki, 12-17 yaş arasında olan yeniyetmələr nə səhər seanslarında kiçik yaşlı uşaqlar üçün göstərilən tamaşalara, nə də axşam böyüklər üçün nəzərdə tutulan səhnələrə maraq göstərmirlər. Onlar üçün məhz onların yaş dövrünə uyğun tamaşalar olmalıdır. Amma həssas yaş dövrünü yaşayan bu yeniyetmələri isə nəzərə alan yoxdur.

Sputnik Azərbaycan məsələ ilə bağlı sənətşünas Ənvər Börüsoy və teatrşünas Xəyalə Rəisin mövqeyini öyrənib.

Ənvər Börüsoy ilk növbədə onu qeyd etdi ki, teatrlardakı repertuar problemi nə dünən yaranıb, nə bu gün: “Sovet İttifaqı dağılandan sonra zaman-zaman mədəniyyət sahəsində ağrılı proseslər gedib və indi də davam edir. Bunun da günahkarı və səbəbkarı var. İndiyə kimi bir dəfə də olsun teatrın inkişafı ilə bağlı elmi konfrans keçirilməyib. Eyni zamanda, nə seminar keçirilir, nə də mütəxəssislərin rəyi qəbul olunur”.

“Bildiyimiz kimi teatrın inkişafı ilə bağlı Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı fərman və Azərbaycan teatrının 10 illik inkişafı ilə bağlı 2009-2019-cu illəri əhatə edən sərəncamı var. Məsələ ondadır ki, teatrlarımızda bu fərman və sərəncamları düzgün başa düşmürlər. Ölkədə “direktor teatrı” siyasəti yürüdülür. Əgər “rejissor teatrı” olsaydı teatrlarımızda müxtəlif mövzulu tamaşalar hazırlanardı. Teatrın bədii şurası repertuar siyasətini müəyyənləşdirir. Mütəxəssislər tamaşaçıların yaş fərqinə görə mövzular müəyyənləşdirir. Sadaladığım bu işlər görülmür. Kimin pulu var, verir, tamaşa hazırlatdırır. Bu cür yanaşma kökündən yanlışdır. Çox təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi bu işdə teatrlara dəstək olmur. Region teatrlarında təsadüfi adamları rejissor qoyurlar. Xüsusi ilə regionlardakı teatrların truppaları 50 faiz həvəskar adamlardan ibarətdir. Həmin həvəskarlar vəzifə tutanda repertuar siyasətini də doğru düzgün qura bilmirlər. Həm Azərbaycan, həm də dünya ədəbiyyatında istənilən yaş qrupu üçün əsərlər var. Amma düzgün istifadə edilmir. Misal üçün Firuz Mustafanın əsərləri müxtəlif yaş qruplarını əhatə edir. Amma onun pyesləri səhnəyə qoyulmur. Səbəb də elə teatr repertuarının düzgün qurulmaması ilə bağlı nazirliyi tənqid etməsidir. Keçmiş müavin Ədalət Vəliyev göstəriş vermişdi ki, Firuz Mustafanın, Elçin Hüseynbəylinin əsərləri qadağan olunsun.

Baxmayaraq ki, Ə. Vəliyev vəzifəsindən kənarlaşdırılıb, direktorlar hələ də onun qoyduğu qanunlara riayət edir. Heç bir direktoru tamaşa hazırlanması ilə bağlı təşəbbüs göstərmir. Yalnız müəllifin imkanları geniş olduqda bu işə qol qoyulur. Yəni, əsərə görə yox, sponsorun puluna görə addım atırlar. Ona görə də teatrlarda repertuar problemi son həddədir” – deyə sənətşünas qeyd edir.

Teatrşünas Xəyalə Rəis qeyd edir ki, teatrlarımızın repertuarında ciddi dəyişikliklərə ehtiyac var: “Artıq yeni mövsümə başlamışıq, hər mövsüm başlanğıcında böyük ümidlə “bəlkə də bu dəfə…” deyirik. Xəyallar və gerçəklər. Nələr umuruq, nələr görürük. Teatrlarımızın repertuar planında ciddi dəyişikliklərə ehtiyac duyulur. Çünki teatrlarımızın repertuarları bir-birlərinə çox bənzəyir. Eyni klassik əsərlər “Klassik əsərə müasir baxış” adı ilə yenidən bizə təqdim edilir. Uşaq  tamaşalarına gəlincə bu mövzuda özümüzü bir qədər şanslı hesab edirəm. Çünki nəinki uşaq teatrlarında, hətta böyüklər üçün nəzərdə tutulmuş teatrlarımızda belə, uşaq tamaşaları nümayiş olunur. Uşaq tamaşalarının bir çoxuna elə bir səhnə həlli verilir ki, 30 yaşım olmasına baxmayaraq, mən özüm belə oturub ona maraqla baxıram. Çünki indi repertuarda rast gəldiyiniz nağıllar primitv şəkildə hazırlanmır. Yeniyetmə tamaşaçılar üçün isə misal olaraq Bakı Uşaq Teatrında hazırlanan tamaşaları göstərmək olar. Tamaşaların əksəriyyəti yeniyetmə tamaşalarıdır ki, burada pis aludəçilik, narkotikin zərərləri, valideynlərə, böyüklərlə necə davranmaq lazım olduğu, valideyn övlad münasibəti, cəmiyyətdə özünü necə aparaq lazım olduğu kimi tamaşaların üstünlük təşkil etdiyinin şahidi oluruq. Məhz bu səbəbdən Bakı Uşaq Teatrının adını dəyişdirilib Bakı Gənclər və uşaq teatrı olunması də nəzərdə tutulub. Amma bu, cəmi bir teatrdadır”.

Eyni zamanda X.Rəis qeyd edir ki, ən prestijli teatrlarda belə, planı doldurmaq üçün bayağı musiqilərlə bol olan, tərbiyəvi əhəmiyyətə malik olmayan tamaşalar da hazırlanır: “O tamaşalara nəinki yeniyetmələrin, heç uşaqların da baxmağını məsləhət görməzdim. Təəssüf ki, bizim səhnə əsərlərimizin bir çoxunda gülüş üçün bayağı ifadələrdən istifadə olunur. Ən dəhşətlisi də burasındadır ki, həmin tamaşalar bəzən yazıçıya, bəzən isə əsərin adına görə səhnəyə qoyulur. Gəlin görək, bu əsər bugünkü reallığa uyğundurmu və onun tamaşaçısı varmı? Bu tamaşalar uşaqlara tamaşa adı ilə təqdim edilir. Halbuki, yazılan ssenari nə bu günümüzlə, nə də sabahımızla səsləşir.

O ki qaldı yeniyetmə yaş dövrü üçün tamaşalarımızın olmamasına, bu tələb-təklif məsələsidir. Teatrlarımız hazırladıqları uşaq tamaşalarını güclə sata bilirlər. Əgər teatrlar hazırladıqları məhsulu sata bilmirlərsə, bunu nəyə görə istehsal etsinlər? Tələbatın artması üçün təhsil və tədris sahələri də bu sahədə maraqlı olmalıdırlar. İnteraktiv təlim metodları tərtib olunmalıdır və onların daxilində tamaşalara getmək daha vacib olmalıdır”.