Hümunəvi gənclik tribunası

0
177

Zaminin getdiyi ATA YOLU

Ata yolu müqəddəsdi, əzizdi,
Ata qəlbi tükənməyən dənizdi…

…Ata Ocağından boy atıb ucalan bir fidan ilk görünüşdən o Ocağın bərəkətindən güc alıb, hər kiçik budağında özünü büruzə verir. Boy atdıqca kökdə olan müqəddəslik görünməyə başlayır…
…Hələ məcburi köçkünlük illərinin ilk günləri, ayları idi, yəni 1993-cü il aprelin sonları. Kəlbəcərindən didərgin salınan hər kəs bir ümid işartısı ilə “Kəlbəcər Qərargahı”na üz tuturdu: kimisi dərdini gəzdirir, kimisi birdən-birə üzləşdiyi dərd-sərinə həmdəm axtarır, kimisi itkin düşmüş əzizlərindən bir soraq almaq üçün sonuncu ümid yerinə gəlir, dördgöz olmuşdu…
Mənim də bir Kəlbəcərsizlik dərdim vardı. Hara gedirdimsə, tanıyanlar da əhəmiyyət verməyərək, baş qoşmur, sadəcə, başından eləyirdi. Amma sosial problemlərimiz isə qalaq-qalaq idi. Məsələn, onlardan biri atam-anamın təqaüd kartlarını tapmaq da bir problemə dönmüşdü. Bir həftəlik get-gəl bezdirmişdi məni. Daha bir də kiməsə müraciət etməkdən vaz keçmişdim. “İnsanlar da bu qədər qəddar olar, İlahi”?- Düşünürdüm.
Belə iztirablı günlərin biri idi. Bu problem az imiş kimi, bir yandan da atamın səhhətinin getdikcə pisləşməsi, Bakıya, qardaşımgilə və həkimə aparmaq kimi üzücü məqamlarla üzləşmişdim. Bir yandan düşdüyümüz acınacaqlı mühit: hər bir məişət ehtiyacı: yatacaq yox, əynimdə köhnəlmiş hərbi geyimdən başqa bir şey yox… Qəflətən xəstələnib yatağa düşmüş atamın yatmağa yatacağı, yorğan-döşəyi yox. Böyük qızım iki yaşlı Samirə gecə-gündüz ağlayır. Yazıq uşaq nə qədər quru yerdə və ya qucaqda yatsın?! Ona çay vermək üçün bir stəkan belə yox idi.
…Hacıkəndə aprelin 14-də getdik. Həmin gecə heç zaman yadımdan çıxmaz: Samirə bərk ağlayırdı. Yazıq uşaq çay istəyirmiş. Anam mənə gizlicə pıçıldadı:
-Dur, get gör mağazada çaydan-zaddan varmı? Uşaq çaysız ağlayır.
Anam bunu astca deyib, hönkürüb ağlamağa başladı. Bunu atam eşidib üzünü mənə tutub dedi:
-Bala, hələ gec deyil, get Gəncəyə, çaynik, çaydan, stəkan, qab-qacaq… nə lazımsa, al. Təmkinli ol, sən bu qadınlara fikir vermə, ağlayıb kiriyəcəklər. Sən mökəm ol, kişisən, mən ağrımasam, səni qoymaram pisikəsən. Di get.
Getdim Hacıkəndin mərkəzinə, mağazada nə çaydan vardı, nə çaynik, stəkan-nəlbəki, heç nə yox idi. Yolun kənarında nə qədər gözlədimsə, Gəncə tərəfə gedən maşınların biri məni götürmədi, beləcə, gedə bilmədim.
Çarəsiz qalıb, mağazadan iki qutu mal əti “qavyəddin”i aldım. Dərhal açıb içərisini boşaldıb, tər-təmiz yuyub gətirdim evə (çünki bizim ailədə heç kim onu yemirdi). Həyətdə, ağacın altında ocaq qalayıb, həmin qutularda çay qaynadıb uşağa və xəstə atama verdik…
…Mənə “Qərargah”da bir nəfər dedi ki, bax, o adamı var ha, ona yaxınlaş. Çox yaxşı, insaflıdır. Sənin probleminə o əncam çəkə bilər:
-Niyə bu ayın təqaüdünü yazırlar ki?! Camaat yanvardan bəri 3 aylığın alır axı. O adama yaxınlaş, kömək edəcəyinə inanıram. Çünki hamı onun yaxşı adam olmasından danışır.
Mən göstərilən adama yaxınlaşdım. İlk müraciətimdə sanki illərlə tanıyırmış kimi, çox mehribanlıqla yanaşdı: məni dinlədi və “ardımca gəl gedək”,-dedi. Özü qabağa düşüb, məni Kəlbəcər rayon təminat şöbəsinə apardı. İçəri girib çox mülayim bir səslə:
-Bacım Sadıqova Güllərin və Sadıqov Nərimanın kartını tapın,-dedi.
Çox keçmədi, “təqaüd kartoçkası”nı alıb, o biri otağa keçdi və yenə də:
-Bunlar mənim qohumumdı, bunları yaz, qol çək ver mənə. Həm də yanvar ayından yaz. Görürsən də, səhv olub, apreldən yazıblar. Onu düzəlt.
Dönüb mənə işarə ilə:
-Sən çöldə gözlə,-dedi.
Mən çölə çıxdım və birdən-birə belə bir insana rast gəlməyim, birinci dəfə görməsinə baxmayaraq, belə hörmət, insanlıq göstərməyi məni həm kövrəltdi, həm də mənə çox maraqlı gəldi.
Nəhayət, heç 20 dəqiqə çəkmədi ki, tanımadığım adam əlində sənəd qayıtdı, həm də deyinə-deyinə:
-Ayə, bunlar necə adamlardı?! Elə bil dədəsinin cibindən çıxır, tanıdıqlarının təqaüdini yanvardan yazırlar, tanımadıqlarınınkını isə apreldən! Bu nə dərəcədə insanlıqdı?! Bu günlərə düşdük, yenə düzəlmədik.
O bunları deyə-deyə poçta gəldi, mən də arxasınca. Burada bir çox tanışları gördüm, hətta qohumlardan da var idi.
Bu alicənab adam Tapdıq (Allah rəhmət eləsin!) imiş. Özü ilə ətraflı söhbət edərkən onu da əlavə etdi ki:
-Səni tanıyıram, Sahib müəllimgilə gələndə görmüşəm, biz orda qonşu idik Sahib müəllimlə.
Mən özümü saxlaya bilmədim, Tapdığı qucaqlayıb ağladım və dedim:
-Sən mənə qardaş əvəzi kömək elədin. Neçə gündür bezdirmişdilər, hər şeyi buraxıb çıxıb getmək istəyirdim.
-Yox, yox, nə danışırsan?! Burda xeyli pul var, indiki zamanda bir “məmməd” də qənimətdi, hər şeyə ehtiyacımız böyükdü. Bir neçə gündən sonra gələrsən, mən pulları alıb verəcəm səhv etmirəmsə, 250 min manatdır.
Bir həftədən sonra gəldim poçta. Bir diplomat pul oldu, nə qədər çalışdım ki, ona hörmət edim, axı, çox əziyyət çəkdi, həm də pulu mənə o, sanki öz cibindən verdi. Tapdıqın hesabına aldım.
Bir manat da olsun məndən pul götürmədi, üstəlik:
-Bir qardaş kimi sənə kömək etdim, burda nə təmənna olmalıdı?-Dedi…
Həmin pul bir ay sonra atamın yas mərasimində ailəmizə böyük bir dayaq oldu. Bu, tanımadığım, Allahın mənə qisməti payı idi, Tapdıq qardaşın əli ilə çatrılmışdı…
…Bax bu gün həmin epizodu söyləyəndə, qələmə alanda o dəhşətli günlər düşdü yadıma. Hər zaman Hikmət müəllimi, Zamin müəllimi gördükdə ataları Tapdığın – o gözəl insanın çətin, acınacaqlı, ağır günlərimizdə heç bir təmənna ummadan və yaxından tanınmadığı birinə göstərdiyi insani münasibət durur gözlərimin qabağında.
Çox çox kövrək idi rəhmətlik. İlk görüşümüzdə mən kövrələndə başımı qaldırıanda gördüm ki, Onun da gözlərindən yaş axır.
İlahi elə insan da varmış dünyada…
Keçək əsas mətləbə. Mən, əslində, Zamin Şahmuradovdan söz açmaq istəyirdim. Bu gənc Kəlbəcərdə anadan olub. Gəncə Texnologiya Universitetini bitirib. Mədəniyyət və Turizm Şöbəsində, sonra isə MKS də işləyib. 2004-cü ildən 2008-ci ilə qədər Kəlbəcər 123 saylı Seçki Dairəsində müvəqqəti operator kimi çalışıb. Həmin ildən burada baş məsləhətçidir.
İşlədiyi dövrdə Seçki Dairəsinin nə qədər yazıları, aktları, seçici siyahıları, şəbəkədə bütün məlumatların ötürülməsi və qəbul edilməsi məsələləri məhz Zamin müəllimin üzərinə düşmüşdür. Əlbəttə ki, ata yolu onu bu yolda daha da fəallaşdırıb. Tanıdığı-tanımadığı hər kəsə həmişə çox həssas, mehriban, obyektiv yanaşmasının şahidi olmuşam. Ata Ocağının bütün ağırlıqları məhz bu gün Zaminin üzərindədir.
Seçkilərdə, referendumda səsvermənin yekunlaşdığı gün Zamin səhərə qədər kompyuterin qabağındadır, hər an dəqiqləşdirilmiş son məlumatları Mərkəzi Seçki Komissiyasına vermək üçün. O, bir qayda olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Kəlbəcər rayonu üzrə bu gün 65 məntəqə fəaliyyət göstərir. Bütün məntəqələrin tərtib etdiyi akt blanklarının, seçici siyahılarının dəqiqləşdirilməsi ancaq Zamin müəllimin əlindən keçir.
Ata yolu, ata nəsihət, ata xeyir-duası həmişə səninlədi, qardaş. Ata yolunun xeyirxah davamçılarından olmaqla, yola beləcə davam…
Allah o müdrik, alicənab, həmişə xeyirxah işlərdə adı çəkilən atanız Tapdığa rəhmət eləsin.
Siz qardaşlara torpağı sanı ömür vürsin. Hikmət müəllim öz sahəsində, layiqincə yüksək səviyyədə çox böyük hörmət qazanmışdır. Siz də, demək olar ki, bütöv bir Kəlbəcərin dərin hörmətini, layıq olduğun ehtiram və məhəbbətini qazanıbsız.
Sizə uzun ömür, cansağlığı, qarşıda duran bütün işlərinizdə uğurlar arzulayıram.

İbrahim SƏFƏRLƏR,
AJB-nin və TURAN ədəbi birliyinin üzvü, “Qızıl qələm” ali media mükafatı laureatı