Horadizdə Seyid Şuşinskinin anadan olmasının 130 illiyi qeyd edilib

0
546

Horadiz şəhərindəki Muğam Mərkəzində Azərbaycan xanəndəlik məktəbinin bənzərsiz simalarından biri Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.

Prezident İlham Əliyevin “Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Mədəniyyət Nazirliyinın dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və başqaları çıxış edərək, sənətkarın ömür yolundan və yaradıcılığından, muğam sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıblar. Bildirilib ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyub, özü də həmişə onu “mayə”dən deyil, “Mənsuriyyə”dən başlayıb. Məhz bu ustalıqlarına görə Azərbaycan muğam tarixinin əfsanələrindən olan Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb.

Onun oxuduğu “Çahargah”, “Humayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə Hüseyn segahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer tutmaqdadır. O, bir çox muğamlara yeni guşələr əlavə edib, bir çox muğamları isə birləşdirib oxuyub.

Tədbir Xalq artisti tarzən Fikrət Verdiyevin rəhbərliyi altında konsert proqramı ilə davam edib. Respublikanın tanınmış sənətkarlarının ifa etdikləri muğam, təsnif və xalq mahnıları füzulililər tərəfindən alqışlarla qarşılanıb.