Hidayət Elvüsalın vəfatı xəyalları alt-üst etdi

0
125


“Səhər” qəzeti adlı ailənin 4-cü üzvü də vəfat etdi…Bu ardıcıl ölümlər həyata sevgimizi sarsıtdı…
Bütün yazılarımda həyata sevgi, ümid, maraq, öyrənti, zəhmətkeş yaşam, pisliklə mübarizə aşılamağa çalışan mən….Keçilməz uçuruma tuş gəldim…
Mənə həyatın hər üzünün dərsini keçən bir insanın ölümü bütün dərdlərdən ağır oldu.
O da adi bir insan idi, mələk deyildi. Amma qeyri-adi bacarıqları ilə qəlblərə nəşə qatmaq istəyi, xeyirxah əməlləri ilə minlərlə insanın qəlbində mələk taxt-tacı qurdu….
Onu heç vaxt şikayətlənən görmədik. Hər bir insanın əməlinə düzgün qiymət verməyi bacaran, sözünü lazım gələndə sərt, yeri düşəndə səmimi, mehriban çatdıra, hər halını gülərək ifadə edən əməllərini, yaradıcılığını qiymətləndirmək üçün heç kəsə ağız açmayan, qeyrətli, üzüağ, fədakar, mehriban yaşayıb-yaradan Hidayət Elvüsal, dünya durduqca bütün nəsillərə nümunə olacaq. Düzgünlüyü, etibarı, həqiqəti, şəffaflığı qorumaq üçün çox zaman öz istəklərinə qarşı çıxan bu insanın həyat fenomeni xeyirxahlıq, nəşə və yaşamı dünyasının gülüş sindromunu yaratmaq olmuşdur.
Onun haqqında danışmaq çox çətindir. Onun yanında da hər kəlməmizə diqqət edirdik. Amma, o yenə də, hər kəlməmizin gülüş tərəfini tapmış olurdu. Onun izahını verə bilmədiyi heç bir sahə yox idi. Bunun üçün onun saatlarla danışmağına ehtiyac yox idi. Qısa və konkret xoş söz anlatmaq bacarığı onu hamının sevimlisinə çevirmişdi.
Onun övladlarından və nəvələrindən də qürurla danışmağı qəlbimizi sonsuz sevinclərə qərq edirdi. Nəvələrin Qarabağ döyüşlərində qəhrəman kimi iştirakı hələ uzun illər dillər əzbəri olacaq.
Hidayət Ellvüsalın pak, həqiqət aynası olan qəlbi Kəlbəcər həsrəti ilə bu dünya ilə vidalaşsa da, ruhunun əbədi dünyanın parlaq işığına qərq olunacağına inanırıq.
Bəli, inanırıq…Demək ki, inamsız həyat yoxdur. Həyatın zərbələri bizi nə qədər sarsıtsa da, özümüzdə güc tapıb yaşayırıq. Amma bu ağrılar bir ömür boyu bizi sızıldadacaq.
Heç nə edə bilməmək isə, zaman-zaman həyata sevgimizi əlimizdən alacaq.
Həyatı deyil, bu dünyada yaşamış gözəl insanların bizə bəxş etdiyi sevgili ömür səhifələri öz möhtəşəmliyini və qəlbimizə hakimliyini qoruyub saxlayacaq.
Məzahir Süleymanzadə, Şakir Yaqubov, Çingiz Ələsgər və…Hidayət Elvüsal bizi tərk etdilər…
“Səhər” ailəsi yetim qaldı…Onlarsız keçirdiyimiz uzun illərin peşmançılığını unuda bilmirəm. “Səhər”in qalan üzvləri ilə artıq çox ayrı qalmamağı qərara aldıq.

Bəlkə ölənlərimizin ruhunu şad etmiş olarıq. Bu ruhlar da qəlbimizdə əbədi məkan quracaqlar.
Nə qədər kədərlənsək də, Hidayət müəllimin zarafatlarını xatırlayıb gülümsəyək heç olmasa…Biz də zarafat edək: “Hidayət müəllim kitabınızın qonaqlığını nə vaxt verirsiz?” Üzünü görmədiyi “Söz adamı: Hidayət Elvüsal” kitabının…

SƏNUBƏR