3-cü yazı
Böyük liderlər dünyaya tez-tez gəlmirlər. Əsrdə bir dəfə ola, ya olmaya!? Tarix iyirminci yüzillikdə bizə Heydər Əliyev kimi görkəmli və nəhəng dövlət adamını bəxş etdi. Bu sadəcə bir tərif deyil. Nə də burada bir yarınmaq əlaməti yoxdur. Axtarmayın. Uydura bilərsiniz, amma tapa bilməzsiniz. Çünki bu nəhəngin nə xoş sözlərimə ehtiyacı var, nə də bu dəyərləndirməyə görə İlham Əliyevdən hansısa bir gözləntim…
Azərbaycanın siyasi, ictimai, sosial və mədəniyyət tarixinə silinməz imzasını atan dahinin xalqı qarşısında xidmətləri hər bir sağlam düşüncə və məfkurə sahibinin iftixar qaynağıdır. Fikirlərim monoloq deyil. Əksinə həyatını doğma millətinin çıxarlarına sərf edən insana sonsuz sevginin susmayan zəngləridir.
Dahiləri fərqləndirən özəl cəhətlərdən biri onların böyüklüyünün həm də düşmən tərəfindən etirafıdır. Bir məqama toxunmağı vacib hesab edərdim. İndi gizli nəyisə axıradək saxlamaq mümkün deyil. Açıq danışmaq istərdim. Çox məkrli planlar üzərində işlər görülür. İçimizin Afrika sortlu əfi ilanları zəhərlərini Heydər Əliyevin şəxsiyyəti üzərinə atmaqla onun ruhunu xalqın ruhundan qoparmağa, ayırmağa can atırlar…
Əsrin əvvəllərində İrəvanın erməni paytaxtı elan edilməsinə razılıq verilməsi sən demə, məcburi addım imiş. Ağlasığmaz güzəştin müqabilində bəs bizim hansı şərtlərimiz irəli sürülüb?! Təəssüf ki, qurucu babalarımızın altında imzası olan rəsmi Batum müqaviləsinə görə İrəvan qeyd-şərtsiz ermənilərə təslim edilib. Necə ola bilir ki, İrəvanı rəsmən təhvil verənlər ermənipərst adlandırılmırlar, ancaq Azərbaycan torpaqlarının bir kv. metrinin erməniyə güzəşt edilməsi üçün bir sənəddə imzası olmayan Heydər Əliyev isə ermənipərəst, milləti və xalqı üçün heç bir iş görməyən dövlət rəhbəri kimi qələmə verilir?! Müxalifət sualıma cavab verə bilərmi?!
Əgər bunu münasib saymırsınızsa, o zaman KQB səlahiyyətlisi Sülhəddin Əkbərin Prezident Aparatından tutmuş digər dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin, necə deyərlər, cümhuriyyət davamçılarının daxilində rus əks kəşfiyyatının agentlərinin olması barədə prezident Əbülfəz Elçibəyə rəsmi müraciətinə cavab verilməməsini necə başa düşək?! Beyin belə biabırçılıqları qəbul edib analiz etməyə görünür çox acizdir…
Ermənilərin nifrət etdiyi şəxslərdən biri və mən deyərdim ki, birincisi Heydər Əliyev olub. Sovetlərin zamanında Siyasi Büro üzvlərinin şəkilləri İrəvanın mərkəzi küçələrində yerləşən dövlət və hökumət binalarının divarlarından asılırdı. Milli liderimizin portret şəkilləri M. Qorbaçovdan sonra ikinci gəlirdi. Əliyevin şəkilləri uzağı bir və ya iki saat yerində qalardı. Ya cırıb yerə tullayar, ya da pis formada təhqir edərdilər.
Məntiq isə tamam başqa münasibəti diqtə edir. Ermənipərəstlikdə ittiham etdiyimiz Əliyevə əslində Ermənistanda fərqli davranış nümayiş etdirilməməli idi. İrəvandan Moskvaya başqa cür izahlar göndərilirdi. Guya azərbaycanlılar bu hərəkəti qəsdən, Ermənistana qarşı Kremldə qıcıq yaratmaq məqsədilə törədirmişlər. Halbuki tapşırıqlar MK-nın ideoloji şöbəsi tərəfindən verilirdi.
Bir tarixi faktla yazımı yekunlaşdırmaq istərdim. 1978-ci ildə Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi İrəvanın opera və balet teatrının binasında qeyd olunurdu. Başda L. Brejnev olmaqla müttəfiq respublikaların rəhbərləri təntənəli mərasimdə iştirak edirdilər. Heydər Əliyev də burada idi. “Sovet Ermənistanı” qəzetinin baş redaktoru Məhərrəm Bayramov da tədbirə dəvətli idi. Reportaj hazırlamaq üçün mən də getmişdim.
Nəhayət, təntənəli tədbir başladı. Salona Baş katib Brejnev daxil oldu. Salon ayağa qalxaraq onu gurultulu alqışlarla qarşıladı. Arxasınca Heydər Əliyev salona asta addımlarla daxil oldu. Bu səhnə indiyədək yaddaşımdan çıxmır. Əllər sanki havada qurudu. Pıçıltılı söyüşləri eşitmək mənə çox ağır təsir bağışlayırdı. Özümə yer tapa bilmirdim. Mən də içimdə onlara söyürdüm. Və həmin anlar bir millət olaraq ermənilərə nifrət hissi, böyük Heydər Əliyevə isə mən də sevgi və rəğbət hissi yarandı. O zaman 21 yaşım var idi.
Axşam ziyafətinə baş redaktorum dəvətli idi. Oradan gətirdidiyi sevindirici bir xəbər qaralmış qanımın üzərinə sanki sərin su səpdi. Ziyafətdə Heydər Əliyev sağlıq nitqi söyləyərkən Karen Dəmirçiyana tərəf dönərək ondan bu xahişi edir: “Hörmətli Karen Seropoviç, mənim doğma kəndim Comərdliyə rayon mərkəzındən gedən yol bərbad vəziyyətdədir. Mümkünsə təmirinə göstəriş verəsiniz.”
İki ayın içində Comərdli yolu şüşə kimi olur. İllər keçdi.Tale elə gətirdi ki, bu böyük şəxsiyyətlə ünsiyyətim yarandı. Günün birində bu əhvalatı ona xatırlatdım. Köksünü ötürdü və mənə dedi ki, sağ ol ki, unutmamışam…
1-ci yazı (https://konkret.az/sovet-ermenistani-qezeti-ve-casus-zaven-miatsum-herekati-haqqinda-qeydler)
2-ci yazı (https://konkret.az/meni-izleyen-dtk-zabiti-manucar-qriqoryanin-agenti-imis/)