Havaların kəskin dəyişməsi kənd təsərüfatına necə təsir edib? (ŞƏRH) Havaların kəskin dəyişməsi kənd təsərüfatına necə təsir edib? (ŞƏRH)

0
547
İyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, hətta dolu düşüb, dağlıq rayonlara isə qar yağıb.
Havanın temperaturunun 10 dərəcə aşağı düşməsinin kənd təsərrüfatına nə kimi zərərləri ola bilər?
EkoNews bu sualla kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib. Ekspert son 20 ildə belə halların tez-tez baş verdiyini deyib:
“Bu vəziyyət yalnız bizim ölkədə müşahidə olunmur. Son dövrlər qlobal iqlim dəyişikliyi baş verdiyi üçün havaların kəskin dəyişməsi bütün dünya ölkələrində müşahidə edilir. Bütün dünyada son 20 ildə havanın temperaturu 1 dərəcə artıb”.
Ekspert havanın kəskin dəyişməsinin kənd təsərrüfatına o qədər də zərər vermədiyini bildirib: 
“Azərbaycanda digər ölkələrlə müqayisədə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün bir o qədər də zərərli deyil. Yəni bizdə nə yüksək dərəcədə isti, nə də çox şiddətli soyuq havalar müşahidə olunmur. Havalar İran, Türkiyə və digər ölkələrlə müqayisədə mülayim keçir. Bunun da əsas səbəblərindən biri Azərbaycanın Böyük və Kiçik Qafqaz sıra dağlarının əhatəsində olması, Xəzər dənizinin havanı nisbətən mülayimləşdirməsidir. Buna görə də Azərbaycanda havaların kəskin dəyişməsinin kənd təsərrüfatına bir o qədər də zərəri yoxdur. Ölkəmizdə 9 iqlim qurşağı var ki, bu da bir tərəfdə hava pis olanda digər tərəfdə yaxşı olmasına səbəb olur”.
Vahid Məhərrəmov kənd təsərrüfatına dəyən ziyanların qarşısını almaq üçün addımlar atılmalı olduğunu deyib:
“Azərbaycanda əvvəlki illərə nisbətdə daha böyük həcmdə dolu düşür. Buna səbəb isə əvvəllər dolunun neytrallaşdırılması idi. Xüsusi avadanlıqlarla, yəni toplarla buludu vurub, buzu parçalayıb yağış halına salmasına kömək edirdilər. Son 20-25 ildə bu işlə məşğul olmurlar. Ona görə də, kənd təsərrüfatına az da, olsa ziyan dəyir.
Burada obyektiv amili qabartmaq düzgün deyil, subyektiv amillər də mövcuddur. Əvvəllər mütəxəssislər daha çox kənd təsərrüfatında işləyənlərə məsləhətlər verirdilərsə, indi mütəxəssis çatışmazlığı var. Fermerlər və kəndliləri maarifləndirmək lazımdır. Bu işlərlə məşğul olanlar yoxdur, deyə azacıq havanın temperaturu dəyişən kimi başlayırlar ki, kənd təsərrüfatına böyük ziyan dəyib.
Biz havanı düzəldə bilmərik, buna görə də elə etməliyik ki, bitkilər stres amillərə dözümlü olsun. Yeni sortlar üstündə işləmək, aqro texniki qaydalara riayət etmək, belə hallar baş verərsə, havanın temperaturu kəskin dəyişərsə, müəyyən qaydalara əməl etmək lazımdır ki, bitkilər nornal inkişaf etsin, stres amillərə dözsün və məhsuldarlıq yüksək olsun”.