Hansı metrostansiyalar yerin üstündə olacaq?

0
11

Paytaxtda yaxın gələcəkdə 10 yeni metrostansiyanın inşası nəzərdə tutulur. Həmin stansiyalar Bakının müxtəlif istiqamətlərində inşa ediləcək. Hazırda quruluş və struktur baxımından, stansiyaların demək olar ki, hamısı (“Bakmil” və Xocasən” istisna olmaqla) yerin altında yerləşir və qatarların hərəkəti də məhz yeraltı hərəkət formasındadır.

Dünyanın bir çox ölkələrində metro stansiyalarının böyük qismi yerin üstündə yerləşir və qatarların hərəkəti də məhz bu qaydada həyata keçirilir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov bildirib ki, metro yerin səthi ilə hərəkət etdikdə çox zaman bəzi maneələr yaradır:

“Hər bir şəhərin özünəməxsus xüsusi relyefi var və planlaşdırma zamanı qazıntılardan asılı olaraq, müəyyən dərinlik məsafəsi meydana gəlir. Dərinlikdən asılı olaraq, metrolarda qatarların hərəkət sürəti bir balaca məhdudlaşır. Əgər relyefdən imkan verirsə, stansiyanın yer üstündə olması mümkündürsə, bunu edirlər.

Dünyada elə şəhərlər var ki, relyeflərə uyğun olaraq, bəzi stansiyalar yerin üzərindədir. Tiflisdə, Moskvada belə metrostansiyalar var. Ancaq Azərbaycanda relyef buna imkan vermir. Həm də metro yerin üstündən keçəndə müəyyən kommunikasiyalara maneçilik törədir”.

Ekspertin fikrincə, gələcəkdə bəzi metrostansiyalar yerin üstündə inşa edilə bilər:

“Bakmil” və “Xocasən”də metronun üzdən getməsinin səbəbi isə hər iki stansiyada deponun olması ilə bağlıdır. Depolarda vaqonların təmiri və yerləşməsi üçün yerlər olur. Azərbaycanda bir neçə yerdə yeni depo-stansiyaların inşası nəzərdə tutulub. Ola bilsin ki, həmin stansiyalara doğru metro yerin üstü ilə hərəkət etsin. Amma tikintisi nəzərdə tutulan digər stansiyalar xəttin davamı olduğu üçün yerin altı ilə hərəkət edəcək.

Gələcəkdə şəbəkənin daha da genişləməsini nəzərə aldıqda təbii ki, hansısa stansiyalar yerüstü inşa edilə bilər. Bu həmin ərazilərin geoloji müayinəsindən və Bakı şəhərinin baş planından asılıdır”.