Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

0
516

Vaşinqton Universitetinin (ABŞ) alimləri fosfat çatışmazlığının yarım əsrlik sirrini açıblar. Belə ki, fosfat ilk canlı orqanizmlərin yaranması üçün zəruri olsa da, konsentrasiyası qədim su hövzələrində olduqca az idi.

Bu barədə “EurekAlert!” portalında yerləşdirilmiş press-relizdə deyilir.

Mütəxəssislər quraqlıq şəraitində ətraf mühitdəki suyun çökmüş relyeflərə axması nəticəsində  yaranan karbonatla zəngin gölləri öyrəniblər. Yüksək buxarlanma səbəbindən göldə duzlu qələvi qarışıqların miqdarı artır. Belələrini sodalı hövzələr adlandırırlar. Tədqiqatçılar Kaliforniyadakı Mono, Keniyadakı Maqadi və Hindistandakı Lonar da daxil olmaqla, belə göllərdə fosforun miqdarını müəyyən ediblər.

Məlum olub ki, karbonatla zəngin olan su hövzələrində fosforun miqdarı dəniz suyu, çaylar və digər göllərdən 50 min dəfə yüksəkdir. Bu, həyat üçün vacib olan kimyəvi elementin toplanmasına kömək edən ümumi mexanizmin mövcudluğunu göstərir. Aydın olub ki, karbonatlar fosforu suda sərbəst halda saxlayaraq, əsasən kalsiumla birləşmə yaradır.

Qədim zamanlarda su hövzəsində fosfatların fövqəladə səviyyəsi kimyəvi reaksiyalara gətirib çıxarıb ki, bunun da nəticəsində RNT komponentləri, zülallar, yağlar və həyat üçün vacib olan digər birləşmələr yaranıb. Erkən Yerin karbon qazı ilə zəngin atmosferi (təxminən dörd milyard il əvvəl) bu göllərin formalaşması üçün ideal idi və onlarda fosforun maksimum səviyyəsinə nail olmağa kömək edib.