Həyatdan doyan varmı?

0
294

Doyumluq hissi, məlum olduğu kimi yalnız yemək, içməyə aid deyil. Gəzmək, işləmək, oxumaq, danışmaq, oynamaq, ümumiyyətlə bütün yaşam durumları doyumluq həddinə çata bilər. Amma bunlar hamısı müvəqqəti olur. Doyumluq hissi verməyən isə sevinmək, gülmək və yaşamaqdır.
Təəssüf ki, bəzi durumlarda həyatdan doymuşam söyləyənlər də var. Amma bu fikrə düzgün cavab ölüm həddinə çatılan zaman bilinir.
Ölüm kimin başının üstünü alırsa, o insan bu ayrılıqla razılaşa bilmir.
Sürdüyü həyat əzablı olmuşsa belə son anda yalnız şirinliyi, gözəlliyi ilə cəlb edir.
Ömrünün son anlarını yaşayan insan bütün pislikləri unudur, sevdiklərinə sarılaraq bu dünyada qalmağı arzulayır.
Ani ölümlər, yatarkən ölümlər bu ayrılıq durumlarını yaşamağa imkan verirmi?
Bu barədə psixoloji, dini məlumatlarım olmasa da, məncə verir. Allaha sevgimiz bu inamı yaradır.
Yaşam dünyamızda insan həyatları hər zaman ölüm qorxusu ilə mücadilə etmir. Gərgin həyat ölümü unutdurur. Ağır xəstələr belə xoş ümidlə yaşayırlar. Ölüm arzusu olanlar belə yaşam ehtiyaclarından üz döndərə bilmirlər.
Özünü öldürənlərin son peşimançılıq hissini duymaq isə yeri, göyü yaradana müyəssər olur.
Ağlı, düşüncəsi, duyğuları, ümidləri saf, xoş ehtiras, səbr qaynağı olanlar heç vaxt həyatdan doymurlar.
Həyatda hər bir kəsin yaşam durumuna uyğun vəzifələri var. İlk növbədə sağlığımızı qorumalıyıq. Daha sonra bacarıqlarımıza, sevdiklərimizə, biliklərimizə, maddi və mənəvi imkanlarımıza uyğun həyat tərzimizi qurmalıyıq. Ailədə, işdə, cəmiyyətdə qarşıya çıxan problemlərin həllində düzgün, real, təmkinli, sabit mövqe tutmalıyıq. İstər yüksək vəzifədə, istərsə də fəhlə həyatında bu mövqe qorunmalıdır.
Təəssüf ki, bu dediklərim heç bir zaman hər bir kəsə aid olmamışdır. O zaman cənnətdə yaşamış olardıq.
Ona da sevinməliyik ki, bu cür insanlar çoxdur.
Yaxşılarla pislərin mübarizəsini yaşadan bu dünya hələ ki, müsbət qüvvənin hökmranlığı altındadır. Həyatdan doyan çox azdır. Çünki bütün dünyada uşaqdan böyüyə hər kəsə dünyanın bütün gözəlliklərindən, sevgisindən, varidatından pay düşür.
Bunu hiss etməyənlər zəif, pessimist insanlardır. Bir çətinlik, ehtiyac, zərbə görən kimi dünyanı, həyatı pisləyən insanlara nə ad verək? Hər bir ağırlığa düşən insanın ətrafına onun yaxınları, tanıdıqları yığışıb səbr diləyir, təsəlli verirlər. İnsanlığın xoş timsalı saysızdır.
İtirdiklərimizə heyfslənməyək. Canlılar əbədi dünyaya qovuşur. Cansız məfhumlar yeniləri ilə əvəzlənir.
Yaradıcılıq arzusu ilə yaşayaq. Bir xoş söz ümidsiz ruhu oyadırsa, demək ki, hər birimiz bu kainatın kiçik yaradıcısıyıq. Kainatın canlısı olaraq bizə həyat verilibsə bu həyatı dünyanın bütün varlıqlarından qorumaq yaşam borcumuzdur. Bu borcdan sevə-sevə qurtulmaq isə gözəl əməllərimizin, əbədi ruhumuzun tanrı qarşısına üzü ağ çıxmasına səbəb olacaq.
Həyatdan heç vaxt doymayan bu gözəl əməllərin sahibləri olsun.

SƏNUBƏR