Yeddi hektara yaxın dənizkənarı ərazidə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə bu park artıq dekabrın əvvəllərindən yaradılmağa başlanıb. Bizə tapşırılan işləri yüksək səviyyədə yerinə yetirmək üçün, demək olar ki, bütün xidmət növlərindən mütəxəssislər ayrılıb, işçi heyəti cəlb edilib. Dövlət başçısının göstərişinə əsasən elə bir park yaradılmalıdır ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər barədə dolğun təsəvvür yaransın.
Bununla bağlı “Azərbaycan Ordusu” qəzetinə Müdafiə Nazirliyinin görülən işlər üzrə koordinatoru polkovnik-leytenant Emil Məmmədov deyib.
O, parkda işlərin gedişi ilə bağlı məlumat verib:
“Azərbaycanın qəhrəmanlıq tarixi ilə maraqlanan vətəndaşlarımız və ölkəmizə qonaq gələn əcnəbilər burada açıq səma altında maraqlı və unikal bir muzeylə tanış olmaq imkanı qazanacaqlar.
Ermənistanın kapitulyasiyasından bir gün sonra, ötən il noyabrın 11-də Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı düşməndən qənimət götürülmüş hərbi texnikanın Bakıya gətirilməsi, onların nümayiş etdirilməsi üçün yer seçilməsi barədə göstəriş verdiyini demişdi. Yəni, bu parkın yaradılmasına dövlət başçısının xüsusi önəm verdiyi o vaxtdan bəlli idi.
Bu ərazinin tələb olunan vəziyyətə gətirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xeyli işlər görülüb. Kənardan torpaq daşınıb və ərazidə düşmən mövqelərinə uyğun relyef yaradılıb. Parkda işləri görmək üçün şəhər rəhbərliyi tərəfindən texnikalar cəlb edilib. Ancaq burada ən böyük məsuliyyət hərbçilərin üzərinə düşür. Parkın təyinatına uyğun təchizatını Müdafiə Nazirliyinin mütəxəssisləri, ekspertləri aparır.
Maraqlıdır ki, düşmən müdafiə mövqelərində avtomobil təkərlərindən geniş istifadə edirdi. Bunun səbəbi odur ki, təkərlər mərmi qəlpələrinin geniş səpələnməsi və əsgərlərə xətər yetirməsinin qarşısını alırdı. Parkdakı istehkam qurğularında düşmənin yararlandığı bu məqam öz əksini tapacaq”.
Koordinatorun sözlərinə görə, Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus 130-a yaxın qismən istifadəyə yararlı və ya tam yararsız döyüş texnikası parkda öz yerlərini tutmaqdadır:
“Düşmənin həmin döyüş texnikasının bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında xalqımıza və eləcə də dünyaya nümayiş etdirildi.
Ümumiyyətlə, parkda düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görəcəklər. Avtomobillər, zirehli texnikalar, artilleriya qurğuları açıq səma altında qonaqlara nümayiş etdiriləcək.
Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazğallar, uzunmüddətli dəmir-beton atəş nöqtələri parkda qurulmuş mövqelərdə yerləşdirilib. Bu mövqelər 30 il ərzində elə möhkəmləndirilmişdi ki, hətta ağır artilleriya zərbələrilə dağıtmaq çətin idi.
Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər.
Eyni zamanda, Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti Hərbi Qənimətlər Parkında öz əksini tapacaq. Burada Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası olduğu kimi qurulur.
Parkda düşmənin müharibə zamanı atıb qaçdığı dəbilqələrdən ibarət təpəlik yaradılacaq. Həmçinin ordumuzun böyük Zəfərinə həsr olunan hərbi paradda nümayiş etdirilmiş erməni avtomobillərinin nömrələrindən ibarət lövhə qonaqlara nümayiş etdiriləcək.
Müharibə günlərində o da məlum oldu ki, döyüş mövqeyini tərk etməsin, məcbur olub vuruşsun deyə, düşmən öz əsgərlərini postlarda it kimi zəncirləyirdilər. Prezident İlham Əliyevin müharibə günlərində dillərə düşmüş məşhur “iti qovan kimi qovuruq” ifadəsi, əslində, həqiqəti əks etdirirdi. Parka gələnlər bu cür postları və zəncirlənmiş zinvorların müqəvva-mulyajlarını da görmək imkanı qazanacaqlar.
Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək”.