Tbilisidə bir qrup naməlum şəxs “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna etiraz edənlərə hücum edib.
Bu barədə “Pirveli” telekanalı məlumat yayıb .
Qeyd olunur ki, hücum mayın 2-də aksiyanın keçirildiyi Qəhrəmanlar meydanının yaxınlığında yerləşən şəhər sirkinin yanında baş verib. Telekanal vurğulayır ki, hadisə yerinə 5 maşın gəlib, 20-yə yaxın adam çıxıb və etirazçıları döyməyə başlayıb.
Şahidlərin sözlərinə görə, hücum edənlər iştirakçıları baş nahiyəsindən vurub, yerdə yatanlara da təpik atıblar. Telekanal ən azı 5 nəfərin yaralandığını iddia edir.
Bundan əvvəl Tbilisidə polis əməkdaşları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edənləri saxlamağa başlayıblar. Etirazçılar Qəhrəmanlar meydanı və Rustaveli prospektinə gedən yolu bağlayıblar.
Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu ikinci oxunuşda qəbul edib . 83 deputat lehinə, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftədən sonra üçüncü oxunuşda baxılacaq.