Alimlər tibbi diaqnostika sahəsində inqilabi kəşf ediblər. Məlum olub ki, optometriya (gözlərin oftalmoloji müayinəsi) bir çox ciddi xəstəlikləri ilk simptomlar meydana çıxmazdan xeyli əvvəl aşkar etməyə imkan verir.
Kanadanın Monreal Universitetinin alimlərinin bununla bağlı araşdırmaları “The Conversation” elmi jurnalında dərc olunub.
Bildirilir ki, gözlərin müayinəsi ilə müəyyən olunan xəstəliklərdən biri diabetdir.
“Bu xəstəlik gözün arxa hissəsində optometriya vasitəsilə aşkar edilə bilən xarakterik dəyişikliklərə səbəb olur. Diabetin erkən diaqnozu müalicənin gecikməsi zamanı yarana biləcək korluq riskini əhəmiyyətli dərəcədə azaldır”, – deyə alimlər bildiriblər.
Alimlərin sözlərinə görə, gözlər həmçinin invaziv metodlar olmadan qan damarlarını müşahidə etmək mümkün olan orqanizmin yeganə hissəsidir.
“Bu, qan təzyiqini və hipertoniya, ateroskleroz və xolesterol çöküntüləri kimi əlaqəli xəstəlikləri nəzarətdə saxlamağa imkan verir”, – deyə mütəxəssislər vurğulayıblar.
Elm adamları qeyd ediblər ki, optometriya həmçinin ağciyər və qaraciyərə metastaz verə bilən şəbəkə qişanın onkoloji zədələnməsi – retinoblastomanın əlamətlərini vaxtında aşkar etməyə imkan verir.
Alimlər hətta sadə görmə sahəsinin ölçülməsinin bəzən xəstələrin ya bilmədiyi, ya da o qədər zərərsiz hesab etdiyi üçün bildirmədiyi anomaliyaları göstərdiyini deyiblər.
“Bu görmə sahəsi anomaliyalarının çoxu hipofiz adenoması kimi beyin şişləri ilə əlaqəlidir. Qeyri-adi reaksiyaların digər mümkün səbəbi nevroloji pozğunluqlardır”.
Alimlər vurğulayırlar ki, gözlər təkcə insanın ruhunun güzgüsü deyil, həm də onun sağlamlığına açılan pəncərədir. Müntəzəm oftalmoloji müayinələr təhlükəli xəstəlikləri erkən mərhələlərdə aşkar etməyə və vaxtında müalicəyə başlamağa imkan verir ki, bu da sağalma şansını əhəmiyyətli dərəcədə artırır.