FETÖ-çular təkcə siyasi partiyalarda və orduda təmsil olunmur, həm də müxtəlif dövlət qurumları və təşkilatlarda da aktiv fəaliyyət göstərirlər.
Bu sözləri “Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya türkiyəli yazar Nədim Şənərin Türkiyə Silahlı Qüvvələrində FETÖ şəbəkəsinin 18 min üzvü olması iddiasını şərh edərkən deyib. O bildirib ki, FETÖ-çular müxtəlif dövlət qurumlarına sızmaq üçün cilddən-cildə girirlər:
“Onlar eyni zamanda siyasi partiyalarda da yer alırlar. İlk vaxtlar onların çoxu pis niyyətli olmurlar, sonradan düşüncələri dəyişir. Məsələn, Bülənd Əcəvit zamanında fətullahçılarla təmasda olub, hətta müxtəlif kitablarda FETÖ-dan bəhs edən məqalə yazıb. Bu gün Əcəvitin FETÖ-çu olması haqda insanların düşüncələrinə xətalı bir fikir yeridilir.
FETÖ-çular Türkiyədə demək olar ki, fərqli-fərqli qurumlara daxil olmağı bacarıblar. Bu proses onların öz adamlarını işə qəbul etməsindən başlayır. Beləlikə, onlar yavaş-yavaş məqsədlərinə çatırlar. Öz kimliklərini asanlıqla gizlətdikləri üçün onların üzə çıxarılması çətin olur. Hansı ki, onlar özləri də hər kəslə bərabər FETÖ-nun ünvanına təhqirlər yağdırırlar.
General Cihad Yaycının sistemi sayəsində FETÖ-çuların üzə çıxarılması istiqamətində tutarlı faktlar əldə etmək mümkündür. Bu sistem şəxsin keçmişini, fəaliyyətini yaxından araşdıraraq, onun FETÖ-çu olub-olmadığını müəyyən etməyə kömək edir”.
Ə.Qaya xatırladıb ki, 15 iyul çevrilişə cəhdi zamanı FETÖ-çuların ordunun ən üst səviyyəsinə kimi yüksəldiyi üzə çıxdı:
“Bu hadisədən sonra gördük ki, ordudakı bir çox insan – özünü atatürkçü, millətçi, FETÖ-ya nifrət edən kimi göstərənlər də FETÖ-çu çıxa bilərmiş. Təəssüf ki, onların hələ də Türkiyə Silahlı Qüvvələrində qalmaq ehtimalı var”.
Qeyd edək ki, türkiyəli yazar Nədim Şənər “CNN Türk”ə açıqlamasında Türkiyə Silahlı Qüvvələrində FETÖ şəbəkəsinin 18 min üzvü olduğunu iddia edib.