Bu il keçiriləcək dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən 25-dək Bakıda təlim-məşq toplanışı təşkil olunacaq.
Komandamız hazırlıq prosesində yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Həmin oyunlar üçün təlim-məşq toplanışına 14 futzalçı dəvət olunub. Futzalçılardan yeddisi “Araz” klubunun üzvləridir. Heyətə bu klubdan Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Amir Şocaei, İsa Atayev, Ramiz Çovdarov, Hadi Ahmadi və Xətai Bağırov dəvət alıblar. Bundan başqa, Emin Kürdov (EKOL), Oliveira Da Nasimento, Conatan Luiz De Angelis (hər ikisi “Alarabi Sportinq Club”, Küveyt), Eduardo Borges (“ACCS Futsal Club”, Paris), Tiaqo Telles Martins (“Norilsk Nikel”), Eshaq Surgali (“Azaraxş”, İran) və Tofik Mikayılov (“Marafon”) milli komandanın toplanışına cəlb ediliblər.