“Formula-1” üzrə dünya çempionatının ümumi sıralamasının liderlər zonasında bir dəyişiklik olub.
Buna səbəb zirvə yarışındakı pilotlardan ikisinin Azərbaycan Qran-prisində xal qazana bilməməsidir.
Bakı trasında “Ferrari”nin pilotları Karlos Sayns və Şarl Lekler sona qədər yarışa bilməyib. Bu isə “Red Bull” komandasına xeyir verib. Qran-prinin qalibi olan Maks Ferstappen liderliyini bir qədər də möhkəmlədib. O, aktivindəki xalların sayını 150-yə çatdırıb.
Azərbaycan Qran-prisini ikinci tamamlayan “Red Bull”un digər pilotu Serxio Peres isə ümumi sıralamada Şarl Leklerlə yerini dəyişərək, ikinciliyə yüksəlib. Peres xalını 129-a yüksəldibsə, Lekler 116 xalda qalıb.
Mühəndislər kubokunda isə “Red Bull” liderliyini daha da möhkəmlədib – 279 xal. “Ferrari” isə 199 xalla ikinci sırada qalıb. İlk “üçlüy”ü “Mercedes” (161) qapayır.