“Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının işini yüksək qiymətləndiririk.
Bu fikirləri UNESKO baş katibinin müavini Firmin Edouard Matoko təşkilatın Parisdəki mənzil qərargahında Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının 25 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
UNESKO baş katibinin müavini Azərbaycanın bu qurumun tərkibində aktiv fəaliyyət göstərdiyini deyib: “Azərbaycan UNESKO tərkibində çoxsaylı tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Bakıda hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESKO-nun əsas tədbirlərindən birinə çevrilib. Azərbaycanın UNESKO-dakı fəaliyyətini yüksək qiymətləndiririk”.
Firmin Edouard Matoko Azərbaycanın UNESKO-ya üzv olmaqla üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirdiyini bildirib: “UNESKO dəyərlərinə sadiqlik nümayiş etdirməklə yanaşı, Azərbaycan bu dəyərləri öz sərhədləri daxilində uğurla təbliğ edir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq hər zaman öz təcrübəsini bölüşməyə hazırdır”.