FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA

0
430

Bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnmiş partlayış baş verməsi barədə məlumat yayılıb.

FHN-dən verilən məlumatda bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır: “Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zıq qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa və məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.  

Qeyd edək ki, bu gün bəzi media orqanlarında Zığda yerləşən koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnən partlayış baş verməsi və bunun nəticəsində xəstələr arasında ölüm halının olması barədə məlumat yayılıb.