Gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının aradan qaldırılması üçün Mədəniyyət Nazirliyi yeni mexanizm tətbiq edəcək. Yeni mexanizmə əsasən, fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən həyata keçiriləcək.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qoca açıqlamasında Mədəniyyət Nazirliyinin təklif etdiyi bu mexanimzlə bağlı deyib ki, “xalq şairi”, “xalq yazıçısı”, “xalq artisti” kimi adların təqdimatı üçün gizli səsverməyə ehtiyac yoxdur:
“Bu kimi fəxri adlar o şəxslərə verilir ki, cəmiyyətin, xalqın 80-90 faizi onları tanıyır. Xalqın tanıdığı adama fəxri adın verilməsinin gizli səsvermə ilə həyata keçirilməsini başa düşmürəm. Bunun üçün xüsusi komissiya da lazım deyil. O şairi, yazıçını xalq, cəmiyyət tanımırsa, ona fəxri ad verilə bilməz”.
Millət vəkili, əməkdar jurnalist, yazıçı Aqil Abbas bildirib ki, Mədəniyyət Nazirliyi bu məsələyə başqa cür yanaşır:
“Görünür, istəyirlər ki, təqdimat bir adamın adı ilə bağlı olmasın. Ona görə də gizli səsvermədən istifadə etmək istəyirlər. Bəli, bu kollegial şəkildə olmalıdır. Nazirliyin bu cür addım atmasını təqdir edirəm. Bu vaxta qədər Mədəniyyət Nazirliyinin fəxri adlar üçün təqdim etdiyi siyahı Prezident Administrasiyasına gedirdi və orada ürəkləri kimi istəyirdisə saxlayırdılar, kimi istəsələr siyahıdan kənarlaşdırırdılar. Təqdim olunanların heç də hamısı fəxri ad almırdı”.
Aqil Abbas məsələnin gizli səsvermə tərəfinin tam anlaşılan olmadığını da vurğulayıb:
“Səsverməni açıq şəkildə də etmək olar. Gizli səsverməyə ehtiyac yoxdur. Kimdən gizlənirik ki? Əgər xalq artisti, xalq yazıçısı adına təqdim olunan şəxs doğrudan da bu ada layiqdirsə, onu açıq səsvermə ilə də müəyyənləşdirmək mümkündür. Yəqin fikirləşirlər ki, açıq səsvermə olarsa, kimsə bir başqasından inciyə bilər ki, ona niyə səs verməyib”.
Xalq artisti, muğam ustası Mənsum İbrahimov isə fəxri adlarla bağlı bu təklifi çox bəyəndiyini söyləyib:
“Fəxri ad verilərkən mütləq araşdırılmalıdır. Bu ad mədəniyyətimiz qarşısında uzun illər xidmət etmiş şəxslərə verilir. Kimin haqqı çatırsa, ona təqdim olunmalıdır. Anar müəllimin (Mədəniyyət nazirinin birinci müavini, nazir əvəzi Anar Kərimov – red.) müsahibəsini oxudum və təklifini dəstəkləyirəm. Çünki bu vaxta qədər haqqı çatanlar da bu ada layiq görülüb, başqa hallar da olub”.
Xalq artisti onu da qeyd edib ki, Anar Kərimov bu yaxınlarda baş tutan video-konfransda bu məsələyə diqqət çəkib:
“Anar müəllim bildirdi ki, hər kəs bu məsələ ilə bağlı öz təklifini versin. Fəxri adları xidmətləri olan insanlar almalıdır. Fikrimcə, fəxri ada təqdim olunan şəxs internet, sosial şəbəkələr vasitəsilə tanına, populyar ola bilər. Söhbət mədəniyyətə xidmətdən gedir. Fəxri adlar onlara verilməlidir, istənilən populyar adama yox. Bununla bağlı irəli sürülən təklifi isə alqışlayıram”.