Eynşteynin 5 ən sevimli kitabı

0
650

Bəzi kitablar Eynşteynin düşüncəsinə və nəzəriyyələrinə həlledici təsir göstərib. Albert Eynşteynin böyük kitabxanası vardı və o, coşğun kitab oxucusu idi. Görkəmli fizikin özü etiraf edib ki, bəzi kitablar onun düşüncələrinə ciddi təsir göstəriblər. O, bir qayda olaraq fəlsəfə və elm kitablarını üstün tutardı. Buna görə də bir çoxları tərəfindən tarixin ən parlaq zəkalarından biri hesab olunan Albert Eynşteyn təsadüfən ortaya çıxmamışdı. Elm adamı tarixin böyük mütəfəkkirlərindən çox şey öyrənib, bu, onun həvəsli bir oxucu kimi böyük iştahasında və geniş kitab kolleksiyasında öz əksini tapıb.

“21-ci əsr üçün Eynşteyn” kitabının müəllifləri məşhur alimin kitabxanasını təsvir ediblər. Redaktorlar Peter Qallison, Gerald J. Holton və Silvan S. Şveberin yazdığına görə, “kitabxanada dövrün əksər yaxşı kitabları vardı” və kolleksiyanın böyük hissəsi alman dilində idi. Kitabxanada adları olan müəlliflərə misal kimi Boltzmann, Buşner, Fridrix Hebbel, Haynenin əsərlərinin iki nəşri, Helmoltz və Humboltdu göstərmək olar. Kitabxanada həmçinin İmmanuel Kant, Gotthold Lessinq, Nitsşe və Şopenhauer kimi filosofların da əsərləri vardı.

Bəs Eynşteynin ən sevimli kitabları hansılar idi? Böyük ehtimalla bu sualın cavabı yoxdur, amma biz nisbilik nəzəriyyəsinin yaradıcısının təkrar-təkrar qayıtdığı kitabların hansılar olduğunu bilirik.

Onun ən sevimli beş kitabı:

5. “Hisslərin analizi” – Ernst Max
Eynşteynin özünün yazdığına görə, 19-cu əsrdə yaşamış avstriyalı filosof və fizik nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi üçün ona çox böyük təsir göstərmişdi. “Hisslərin analizi” əsərində Max insan hisslərinin sürüşkənliyi və eqonun dəyişkənliyi barədə yazıb.

Maxın əsərində həmçinin Nyutonun zaman və məkanla bağlı nəzəriyyələri tənqid edilir, bu, Eynşteynə öz düşüncələrini formalaşdırmaqda ilham qaynağı rolunu oynamışdı. Faktiki olaraq Eynşteyn Maxdan götürdüyü hipotezi — ətalətin iki obyekt arasındakı qarşılıqlı əlaqədən doğduğu fikrini — “Max prinsipi” adlandırmışdı, Eynşetyn bu fikrə çox böyük dəyər verirdi.

1915-ci ildə Moritz Şlikə yazdığı məktubunda Eynşteyn nisblik nəzəriyyəsini ortaya çıxaran düşüncələrinə hansı yazıçıların təsir göstərdiyini açıqlamışdı:
“Sənin çox düzgün şəkildə gördüyün kimi bu düşüncə trendi (pozitivizm), xüsusilə E. Max və hələ də Hyum mənim çalışmalarıma böyük təsir göstəriblər, Hyumun dərketmə ilə bağlı traktatını mən nisbilik nəzəriyyəsinin ixtirasından əvvəl böyük coşğu və heyranlıqla oxumuşdum. Əgər bu fəlsəfi əsərlər olmasaydı, mən çox güman həll yolunu tapa bilməzdim”.

O, bu məktubunda Ernst Max və Devid Hyumun əsərlərinin onun düşüncəsinə böyük ilham verdiyini açıqlayıb açıqlamağına, amma bu da məlumdur ki, illər keçəndən sonra Eynşteyn Maxın əsərlərini və xüsusilə pozitivizmi (teologiya və metafizikanı inkar edən məntiq əsaslı fəlsəfi ideyanın məğzi bu idi ki, hər bir rasional iddia elmi cəhətdən təsdiqlənə bilər və “pozitiv” bilik təbii fenomenə və onun xüsusiyyətlərinə əsaslanır) rədd etmişdi.

4. “Don Kixot” – Migel de Servantes
Eynşteynlə birgə çalışan Leopold İnfeld “Sorğu” adlı avtobioqrafiyasında onun Servantesin cəngavərlikdən bəhs edən “Don Kixot” əsərini necə böyük məhəbbətlə oxumasından yazıb:
“Eynşteyn köynəksiz və pijamasız yatağına uzanar və gecə lampası ilə “Don Kixot” oxuyardı. Bu onun ən sevdiyi kitab idi və o, onu istirahət etmək üçün oxuyardı…”

3. “Etikalar” – Barux Spinoza
Barux Spinoza 17-ci əsrdə yaşamış yəhudi əsilli holland filosofu idi, onun əsərləri Maarifçilik və “İncil”in müasir tənqidinə yol açmışdı. Spinozanın “Etikalar”ı Qərb düşüncəsində fundamental əsərlərdən biridir, əsər etik və məqsədyönlü həyata dair instruksiya verməklə yanaşı, reallığın və kosmologiyanın bütöv şəklini verir. Kitab insan xilqətlərinin Tanrının “formaları” olduğunu deməklə, Tanrını təbii nizam kimi təsvir edir. Spinozanın fikrincə, baş verən hər şey Tanrının təbiətindən doğur.

Spinozanın “panteizmi” Eynşteynin dünya barəsindəki ruhani görüşlərinin bir parçasını əhatə edirdi. O, bir dəfə Rabbi Herbert S. Qoldşteynə belə demişdi:
“Mən insanlığın əməllərinə və talesinə görə narahat olan Tanrıya deyil, özünü bütün mövcudiyyət ilə harmoniyada tapan Spinozanın Tanrısına inanıram”.

2. “İnsan təbiəti barədə traktat” – Devid Hyum
Eynşteynin özünün etiraf etdiyinə görə, 18-ci əsrdə yaşamış şotland filosofunun elm və insan təbiəti arasındakı bağlılığı dərk etməkdən ötrü yazdığı kitab ona ciddi təsir göstərib. Hyumun elmi cəhətdən əxlaqi fəlsəfə yaratmaqdakı müvəffəqiyyəti fiziki cəlb edirdi, çünki kitab metafiziki spekulyasiyadan müşahidə edə biləcəyimiz faktlara istiqamətlənməli olduğumuzu deyirdi. Burada mühüm bir xəbərdarlıq da vardı, Hyuma görə, təkcə müşahidə təbiətin qanunlarını qavramağa kifayət etmir. Bu ipucu Eynşteynin ənənəvi omayan düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdi.

1. Yohan von Götenin külliyatı
Eynşteynin böyük kitab kolleksiyasının böyük bir qismini yəqin, alman müəllif Yohan von Götenin əsərləri təşkil edirdi. Fizik Götenin 36 cilddən ibarət əsərlərinə, həmçinin 12 əlavə cildə, “Optikalar”ın 2 cildinə (həmçinin Göte və Şiller arasındakı məktub mübadiləsi daxil olmaqla) və “Faust”un bir digər cildinə sahib idi.

Eynşteyndə Götenin büstü də var idi və o, alman dilində danışan köməkçilərinə şairdən sitatlar deyərmiş. 1932-ci ildə Leopold Kasperə yazdığı məktubda o, Göteyə “tayı-bərabəri olmayan, tarixin ən ağıllı və müdrik insanlarından biri kimi heyran” olduğunu yazırdı. O, həmçinin qeyd edirdi ki, “hətta onun elmi fikirləri ciddi yanaşılmaya layiqdir, onun qüsurları isə bütün böyük adamlara xas qüsurlardır”.

Əgər sizə dünyanı dəyişdirən alimin sevdiyi başqa kitablar da maraqlıdırsa, deyə bilərik ki, o, Fyodor Dostoyevskinin “Karamazov qardaşları”nı və teosofist Helena Petrovna Blavatksinin mistik traktatı “Gizli İsa”nı oxumağı da çox sevirdi.