“evdeqal.az” saytı istifadəyə verildi

0
490
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə evdeqal.az saytı istifadəyə verilib.

 

Saytın yaradılmasında əsas məqsəd insanların öz sağlamlığını, həmçinin ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadığı təqdirdə evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

 

Yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı profilaktik tədbirlər çərçivəsində evlərdə sosial izolyasiya addımlarına müvafiq olaraq, təcrid olan insanların onlayn mağazalara, əşya və xidmətlərin onlayn sifarişlərinə və onlayn-kinoteatrlara olan tələbatları dəfələrlə artıb. Məhz bu tələbatı nəzərə alaraq, “evdeqal.az” saytında istifadəçilərə e-təhsil, e-səhiyyə, e-əyləncə, e-qida və e-çatdırılma kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.

 

Saytda həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu bizneslərin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafı istiqamətində onlayn öyrənmə imkanları verilir.

 

“evdeqal.az” saytında yerləşdiriləcək “1181” qaynar xətt nömrəsi vasitəsilə əhalinin, xüsusilə də yaşlıların “ESAS” könüllülərinin texniki dəstəyindən faydalanması planlaşdırılır