“Ölkədə quru, isti hava şəraiti başlanandan yanğınlar da dərhal özünü göstərdi və isti hava axını böyük ərazilərdə yanğınlarla müşayiət olundu. Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda planetdə baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar yanır, biomüxtəlifliyə, kənd təsərrüfatına, ətraf mühitə ciddi zərər dəyir”.
bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
O qeyd edib ki, isti hava axını hər il müşahidə olunur:
“Amma yanğınların baş verməsində əsas faktor insanların ehtiyatsızlığıdır. Xatırlayırsınızsa, qızmar istilərin başlanacağı ilə əlaqədar təbiətdə olarkən odla ehtiyatlı davranmaq barəsində əhaliyə xəbərdarlıq edilmişdi. Lakin yenə də məsuliyyətsizliyin nəticəsi göz qabağındadır”.
Nazir müavini bildirib ki, bu cür ürəkağrıdan mənzərə ilə qarşılaşmamaq üçün verilmiş xəbərdarlıqları ciddiyə almaq, təbiətdə olarkən maksimum dərəcədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir:
“Yanğının söndürülməsində iştirak etməyənlər, bəlkə də, bunun necə ağrılı-acılı və çətin vəziyyət olduğunu bilmirlər. Gözümüzün qabağında yaşıllıqların alovlar içərisində bir anda məhv olmasını görmək çox çətindir. Bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə də, hər kəsdən xahiş və tələb edirik ki, yanğının böyük fəlakət olduğunu nəzərə alsınlar və buna səbəb olmasınlar”.