Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı

Yunanıstanın Krit adasında təxminən 8,5 milyon il əvvəl yaşamış kərgədanın fosilləşmiş kəlləsi aşkarlanıb.

Tapıntı adanın şərqində, Sitia bələdiyyəsinin UNESCO Qlobal Geoparkında Patras Universitetinin alimləri tərəfindən aşkar edilib.

Alimlərin ilkin araşdırmasına görə, kəllə Yuxarı Miosen dövründə yaşamış ikibuynuzlu Dihoplus pikermiensis növünə aid olub. Kəllənin təxminən yarısı qorunub, üzərində heyvanın müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyan üç yuxarı azı dişi də aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntı təxminən 8-8,5 milyon il əvvəl Kritdə Qərbi Avrasiyaya bənzər quru faunasının mövcud olduğunu göstərir.