Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə qol-qanad verən amillərdən biri də ölkəyə silah tədarükünün həyata keçirilməsidir.
Düzü, Ermənistanın alqı-satqı müqavilələri, hərbi-texniki əməkdaşlıq ilə ordusuna yeni silahlar əlavə etməsinə nail olması qeyri-mümkün görünür.
Ağır sosial-iqtisadi gərginliyin altında inildəyən, dövlət büdcəsində qısır maliyyə imkanları olan Ermənistanın idxal yolu ilə yeni texnikaları və silahları orduya daxil etməsi potensialı yoxdur. Burada hərbi-texniki əməkdaşlıqdan çox Ermənistana uzanan havadarlıq missiyasının əllərini görmək olar.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu baxımdan Ermənistana silahların pulsuz verildiyi qənaətinə gəlmək olar.
Prezident çıxışında silah satmaq adı ilə Ermənistan üçün nəfəslik rolunu oynayan ölkələrə aydın, konkret mesajlar verir.
Hansı ölkələr Ermənistana “can verir”?
Bu gün iqtisadi potensialının tükənmək üzrə olduğu Ermənistanın silahlanma prosesinin istiqamətlərini bir neçə qrupa bölmək olar.
Birinci istiqamət üzrə demək olar ki, Rusiya hərbi texnikaları Ermənistana peşkəş edir ya da dəyərindən ucuz qiymətinə satır. İkinci istiqaməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələrdən satınalmalar təşkil edir.
Böyük maliyyə imkanlarına malik olan erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən silah idxalı da həyata keçirilir ki, bunu da üçüncü istiqamət hesab edə bilərik.
Üç istiqamətin ümumi konsepsiya halında cəmləsək, deyə bilərik ki, Ermənistanın silahlanması açıq və gizli yollarla həyata keçirilir.
Ermənistanın silah mənbələri sırasında təkcə yuxarıda adı çəkilən dövlətlər dayanmır.
Tovuz döyüşlərindən sonra mətbuatda İran və Küveytin də Ermənistanı gizli şəkildə silahlandırdığına dair məlumatlar yer almaqdadır.
Hərbi sahə üzrə ixtisaslaşan “Azeridefence” jurnalının 2015-ci ildə dərc olunan məlumatlarına əsasən, Ermənistanın əsas silah alqı-satqısı gizli yollarla, Albaniya, Yunanıstan, Kipr, Polşa, Fransa, Moldova, Ukrayna, Livan, Hindistan daxil olmaqla bəzi ölkələrin şirkətləri üzərindən həyata keçirilib.
Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunur. Bununla bağlı indiyədək kifayət qədər faktlar aşkarlanıb. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan “DG Arms Corporotion” şirkətinin adı keçir.
Silahlar həm döyüşdə, həm də diplomatik cəbhədə susdurulur
Ermənistan ordusunu silah gücünə ayaqda saxlamaq cəhdləri isə iflasa uğrayır – həm döyüş meydanında, həm də diplomatik cəbhədə.
Bu ilin iyulun 12-16-sı tarixlərində Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz həyata keçirmək planlarının qarşısı uğurla alındı.
Bunun ardınca isə Serbiya, İordaniyanın, Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat satdığı üzə çıxması ilə diplomatik ifşa prosesi başladı.
Sözsüz ki, Ermənistan aldıqları silahları Azərbaycana tuşlayır, amma adekvat cavab tədbirləri ilə geri oturdulur.
Bunun ardınca isə özünə gəlməyə çalışır, lakin hərbi məğlubiyyətlə yanaşı, həm mediada, həm də diplomatik müstəvidə Ermənistanın və onun havadarlarının ziyanına işləyən məlumatlar yayımlanır. Lakin nə Ermənistan, nə də onun havadarları nəticə çıxarmırlar, bu da Ermənistanı qaza gətirir.
Aqşin Kərimov