Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır

0
39

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Hindistandan “Su-30MKI” qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb.

Bu məlumatı Avionslegendaires.net portalı yayıb.

Məlumatda qeyd olunub ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd “Su-30SM Flanker-C” və təxminən on beş köhnə “Su-25K”dən ibarətdir.

Yazıda iddia olunur ki, Ermənistan Rusiyadan “Su-30SM” qırıcıları sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib.

“2019-cu ildə təyyarələri aldıqdan bir neçə həftə sonra Ermənistan Rusiyaya əlavə səkkiz “Su-30SM” sifariş verib. Müqavilə məbləğinin 70 faizinə qədər olan hissəsi ödənilsə də, həmin vaxtdan etibarən heç bir təyyarə təhvil verilməyib. Səbəb isə sadədir, “Sukhoi” şirkəti onların heç bir ədədini də istehsal etməyib və bu günə qədər “Su-30″ təyyarələri Rusiyanın öz ehtiyacları üçün zavoddan çıxıb. Beş il keçdikdən sonra Ermənistanın səbrinin tükəndiyi görünür. Rusiya təkcə müştərisini deyil, həm də müttəfiqini itirə bilər”, – deyə müəllif yazıda qeyd edib.

Nəşrin məlumatına görə, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib və ödənilən məbləğini geri almaq niyyətindədir.