Ermənistan Rusiya ilə arasındakı “körpüləri” yandırmağa başladı – Putin dərhal İrəvana zəng etdi

0
294

Moskvadan gözlənilən həmlə gəldi. Ermənistanın rəsmi Bakının sülh danışıqları ilə bağlı 5 şərtinə Minsk qrupu ilə qarşılıq verməsindən sonra Vladimir Putinlə Nikol Paşinyan arasındakı telefon danışığı belə deməyə əsas verir.

Putinin Paşinyanla telefon danışığının səbəbi heç şübhəsiz ki, bir neçə gün öncə dünyanı qarşısına alan Rusiyanın düşdüyü vəziyyətdən istifadə edərək dərhal Emanuel Makronla görüşmək üçün Parisə uçan erməni baş naziri məzəmmət etmək idi. Əslində Putinin Paşinyanı daha tez axtaracağı gözlənilirdi, amma bunun Ermənistanın Azərbaycanın sülh danışqları ilə bağlı təklifinə cavabından sonra baş verməsi Rusiyanın narahat olduğu məqamın əslində hansı məsələ olduğunu anlamağa kömək etdi.

Paşinyanın Paris səfərindən öncə Moskvaya gələn dəvəti geri çevirib, əvəzində Fransanı seçməsi, bunun ardınca Azərbaycanın təklifinə cavab olaraq Kremlin indiki situasiyada hec cür razı qalmayacağı – Minsk Qrupunun danışıqlar prosesində iştirakına qoşmağa can atması bu deyilənlərin əyani təsdiqidir. 

Telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib. Liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub. Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Lakin burada bir məqam xüsusuilə diqqət çəkib: Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Son proseslərə nəzər salsaq görərik ki, əslində Putin-Paşinyan danışığının əsas istiqaməti İrəvanın rəsmi Bakının sülh danışıqları ilə bağlı 5 maddəlik təklif paketinə cavabında Ermənistan rəhbərliyinin Qərbi bu və ya digər yolla prosesə müdaxilə etmək təşəbbüsü məsələsindən gedir ki, bu da Moskvanı ciddi narahat edib. 

Daha əvvəl ölkəsinə dəvət etdiyi Paşinyanın Moskvanı Parisə dəyişməsi görünür Putinə bir o qədər təsir etməmişdi ki, qlobal hadisələrin episentrində yer alan Rusiyanın başının qarışıq olduğu bir vaxtı rəsmi İrəvanın Bakıya göndərdiyi cavabında fürsət bilib Qərbin Cənubi Qafqazdakı proseslərə müdaxilə etməsinə canfəşanlıq göstərməsi məsələsi Kremldə ciddi narahatlıq yaradıb. Onu da nəzərə alsaq ki, məhz Putin-Paşinyan danışığı erməni baş nazirinin Paris səfərindən dərhal sonra yox, Ermənistanın Azərbaycanla sülh danışıqları təklifinə cavabından sonra baş verdi, anlaşılır ki, Moskva da Paşinyanın Paris səfərinin əsl məğzində Moskvaya xəyanət dayandığından yaxşı xəbərdardır. 

Paşinyan bu səfərlə bir yandan Rusiyanın orbitindən çıxmaq məqsədi güdürdüsə, digər yandan Ermənistan rəhbərliyi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri (kommunikasiyaların – Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya məsələsi) icra etməmək üçün Qərbin dəstəyini hiss etmək istəyib. Bunu yaxşı anlayan Moskva hadisələrin əsas tektonik zonasında yer alan Rusiya üçün misli görünməyən sanksiyalar qarşısında nəfəslik ola biləcək Zəngəzur dəhlizinin arxa plana salınması məsələsinin onun üçün həyati əhəmiyyət kəsb etdiyini anlayır.

Xüsusilə Azərbaycanın İranla Anlaşma Memorandumundan sonra Ermənistanın manipulyasiyalarının əsl qurbanının, itirən tərəfin məhz Moskva olduğunu anlayan Kreml rəhbərliyi Paşinyan və komandasının Qərbin sifarişini yerinə yetirmək üçün hazırda kamikadze olmağa belə hazır vəziyyətdə göründüyündən duyuq düşdüyü hiss edilməyə başlayıb. Rusiya yaxşı anlayır ki, bu zamana kimi regiondakı proseslərdən təcrid edilən, regional və qlobal layihələrdən kənarda qalan, lobbinin göndərdiyi milyonlar hesabına bu gündən sabaha güclə çıxan bir Ermənistan geridə qalan 30 il ərzində dilənçi kökündə yaşamağa, kənardan ölkəyə axan qrantlar hesabına dolanmağa razı olduğu halda onlar belə tez bir zamanda Zəngzəur dəhlizinin mahiyyətini anlaya bilməzlər.

Nəzərə alsaq ki, rəsmi Bakının 5 bəndlik sənədi eynilə üçtərəfli bəyanatların icrası prosesinin sürətləndirilməsi üçün təkliflər paketindən ibarətdir, demək o zaman Kreml rəhbərinin erməni baş nazirlə dioloqunun əsas istiqamətinin məhz Ermənistanın Azərbaycanla sülh danışıqlarında iştirakı üçün irəli sürdüyü məsələ olub. Rəsmi İrəvanın proseslərə yenidən vasitəçi qismində ATƏT-in Minsk qrupunu daxil etmək istəyinin Bakıya ünvanladığı cavabda xüsusi qeyd edilməsi Moskvanı qane edə bilməz:

Birincisi ona görə ki, bu iki ölkə arasında 44 günlük müharibə və ondan sonrakı dönəmdə əsas vasitəçi qismində Minsk Qrupu formatından kənarda fəallıq nümayiş etdirən Rusiya olub. Bu gün Ermənistan-Azərbaycan arasında sulh danışıqlarına Ermənistanın Minsk Qrupunu qoşmaq cəhdi Moskvanın gözündə onun bu zamana kimi gördüyü işlərə şərik çıxmaq, onun fəaliyyətinə kölgə salmaq deməkdir.

İkinci səbəb isə şübhəsiz ki, Ukrayna ilə müharibə fonunda Ermənistanın bölgədə həllini tam olaraq tapmayan bir məsələyə, özü də Rusiyanın tənzimləməsi üçün Kreml rəhbərinin imzası olan bir məsələyə görə İrəvanın yaranan hazırkı geosiyasi durumdan istifadə edərək Moskvaya əks qütbdə mövqe tutan, bu gün Rusiyanı hər nə yolla olursa olsun çökdürməyə çalışan Qərbdən, ABŞ-dan yardım istəyi bəlkə də Moskvanın ən son razılaşa biləcəyi bir proses ola bilər. Ermənistanın Azərbaycanın 5 şərtinə Minsk qrupu ilə qarşılıq verməsinin Moskva nöqteyi nəzərədən başqa adı yoxdur.

Bu gün Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə Ermənistanda müxtəlif aksiyaların təşkili, İrəvanın ən gözədəyən yerlərində bununla bağlı pankartların asılması belə artıq Moskvanı aldatmaq üçün yetərli kimi görünmür. Rusiya bundan sonra Ermənistanın ikili oyunlarına, sağ göstərib sol vurmaq kimi “bacarığına” inanana bənzəmir.

Rusiya yaxşı anlayır ki, Qərbin Ermənistan- Azərbaycan arasında sülh danışıqlarında iştirakına imkan vermək Moskvanın böyük ehtimalla bölgədən sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Ona görə də Rusiya bu mövzuda ən çox İrəvanın atacağı növbəti xəyanətkar addımlara görə ciddi narahatdır, çünki Moskva daha İrəvana inanmır. Belə görünür ki, Paşinyan son Paris səfəri ilə Rusiya ilə arasindakı bütün körpüləri yandırdı.

Milli.az