Ermənistan Azərbaycanın tələbi qarşısında geri çəkildi: Zavod sərhəddən uzaqda tikiləcək

0
365

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında 16 500 kvadratmetr sahədə, illik istehsal gücü 108 000 ton olan iri metallurgiya zavodunun inşasını aparır.

Bununla bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən 3 iyun 2023-cü ildə sosial media hesabında informasiya və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

Ermənistan 1991-ci il BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”nın 3.1-ci bəndinə əsasən, sərhədyanı zonada tikiləcək metallurgiya zavodu barədə təsirə məruz qala biləcək ölkə kimi Azərbaycanı rəsmi xəbərdar etmək öhdəliyinə malikdir.

Konvensiyanın 5-ci bəndinə əsasən, Ermənistan Azərbaycanla müvafiq məsləhətləşmələr aparmalıdır. Bu xüsusda qeyd edilməlidir ki, sözügedən fəaliyyət Konvensiyasının 1-ci əlavəsində transsərhəd təsiri gözlənilən fəaliyyətlərin siyahısına daxildir. Lakin Ermənistan tərəfindən mövcud olan kommunikasiya kanalları vasitəsilə Azərbaycana bu barədə hər hansı rəsmi bildiriş verilməyib və Azərbaycanla məsləhətləşmələrə başlanılmayıb.

Məlumat mətbuatda açıqlanan zaman Azərbaycan tərəfindən məsələyə operativ reaksiya verilib və Ermənistan tərəfinə məktub ünvanlanıb.

Məktubda Ermənistandan Konvensiya üzrə öhdəliklərinə əməl edilməsi, layihənin zərərli transsərhəd təsirlərini müəyyən etmək məqsədi ilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb edilib.

Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəliklərin pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi bildirilib. Eyni zamanda, Azərbaycanın məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və zavodun tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələbləri rədd edilib.

Bunu nəzərə alaraq, cari ilin sentyabr ayında Azərbaycan Konvensiyasının 3.7-ci maddəsinə və 4-cü Əlavəsinə əsasən, məsələnin araşdırılması üçün BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciət ünvanlayıb.

Müraciətdə katiblikdən təcili olaraq zavodun transsərhəd təsirini müəyyən etmək üçün təhqiqat komissiyasının yaradılmasının vacibliyi göstərilib.

Bildirilib ki, ətraf mühitə təsir müəyyən edilənədək zavodun inşasının dərhal dayandırılması üçün Ermənistana müraciət edilsin.

Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və mümkün təsirlərin azaldılması tədbirləri daxil olmaqla, inşaatla bağlı mümkün məlumatların əldə edilməsində Azərbaycana köməklik edilməsi xahiş edilib. Müraciətin surəti Ermənistan tərəfinə də müvafiq qaydada çatdırılıb.

13 oktyabr 2023-cü il tarixində icraçı katib adından Azərbaycan tərəfinə cavab məktubu ünvanlanıb. Məktubda Ermənistanın müzakirələr aparmağa, ətraf mühitə təsir və layihə sənədlərinin təqdim edilməsinə dair öhdəliklərinin olduğu təsdiq edilib.

Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 31 oktyabr 2023-cü il tarixində Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib.

Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.