Ermənilər işğal etdikləri ərazilərimizdə azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarını kütləvi şəkildə saxtalaşdırır

0
636

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində – Dağlıq Qarabağ və ətraf rayonlarda azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir. Azərbaycan-türk mənşəli toponimlərin erməniləşdirilməsi prosesinə hələ ötən əsrlərdən start verilib, işğal dövründə isə “bu iş başa çatdırılıb”.

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyevin qeyd etdiyinə görə, Azərbaycan Respublikası ərazisində də yüz minlərlə toponim mövcuddur, yalnız yaşayış məntəqələrinin (oykonimlərin) sayı 4550-dən çoxdur, lakin toponimlərin böyük əksəriyyətini oronimlər (dağ, dərə, yamac), hidronimlər (çay, göl, bulaq) və s. təşkil edir ki, onların sayı haqqında hələlik kifayət qədər dəqiq məlumat yoxdur.

Alim qeyd edir ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisindəki yer-yurd, çay, dağ və s. adların dəyişdirilməsi prosesi həyata keçirilir. “…İşğal altında olan ərazilərimizin sakinləri kimi, coğrafi obyektlərimizin adları da soyqırıma məruz qalmış və hələ ki, qalmaqda davam edir. Azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir. Düşmənin məqsədləri aydındır: qədim türk-Azərbaycan adlarını yaddaşlardan silmək, bu yerlərin guya qədimdən onlara məxsus olduğunu sübut etmək və bununla da işğal etdikləri torpaqları özününküləşdirmək üçün hüquqi zəmin yaratmaq. Azərbaycan Respublikası ərazisində mövcud olan yaşayış məskənlərinin böyük əksəriyyəti etnotoponimlər, patronimlər və antroponimlərdir, yəni bu ərazidə yaşamış xalqların, tayfaların, nəsillərin, soyların və şəxslərin ilkin adlarını özlərində daşıyan toponimlərdir ki, onlar da xalqımızın keçmişini, həmin ərazilərdə məskunlaşma tarixini özündə əks etdirir. Ermənilər xalqımıza məxsus coğrafi adları dəyişməklə məhz keçmişimizin, tariximizin izlərini o yerlərdən silib, öz saxta, mifik iddialarını və şovinist ideyalarını bizim ərazilər hesabına gerçəkləşdirmək niyyətindədirlər” – deyə alim qeyd edir.

Alimin bildirdiyinə görə, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 27 ildə erməniləşdirilərək dəyişdirilmiş 280-ə yaxın coğrafi adın siyahısını tərtib edib və dəyişmə dərəcəsinə görə təsnifatlandırıblar. “Məsələn, ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini – Akna; Xocalını – İvanyan; Qubadlını – Sanasar; Laçını – Berdzor; Kəlbəcəri – Karvacar; Cəbrayılı – Crakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edərək dəyişmişlər. Hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərini “Qandzak”, Bərdə şəhərini “Partav”, Kəpəz dağını “Alparak” kimi yazmaları beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi adlarımızı təcavüzə, soyqırıma məruz qoymuş Ermənistan, onun səlahiyyətli nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı, onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və işğal kimi qiymətləndirilməlidir”.

Alim vurğulayır ki, Ermənistan bu gün də müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarını pozaraq, öz mənfur etnik təmizləmə siyasətini kütləvi informasiya vasitələri, o cümlədən, internet şəbəkələri vasitəsilə toponimlərimizə təcavüz etməklə, coğrafi adlarımızı dəyişməklə davam edir. “Lakin Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, heç vaxt öz ərazisində olan digər xalqlara, etnik qruplara mənsub coğrafi adları dəyişdirməyib və indi də dəyişdirmir. Azərbaycan çoxmillətli unitar dövlətdir, onun ərazisində 10-a qədər dilə mənsub coğrafi adların olmasına baxmayaraq, onların böyük əksəriyyəti – 70 faizi Azərbaycan-türk mənşəlidir. Azərbaycan Respublikasında dövlət və onun rəhbərləri tərəfindən milli-etnik münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara və etnik qruplara məxsus coğrafi adlara hörmətlə yanaşılır, diqqət və qayğı göstərilir” – deyə Rəşid Fətəliyev qeyd edir.

Rüstəm Məmmədov və Xaqani Məmmədovun müəlllifi olduğu “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” kitabının elektron variantında işğal olunmuş ərazilərdə Azərbaycan-türk toponimlərinin erməniləşdirilməsi məsələsinə də geniş yer verilib. Nəşrdə qeyd edilir ki,  Zəngəzurda toponimlərin dəyişdirilməsi erməni vəhşiliyinin digər istiqaməti bu vilayətin qədim türk torpağı olduğunu göstərən toponimlərin kütləvi dəyişdirilməsidir. Erməni işğalı nəticəsində dəyişdirilmiş Azərbaycan-türk toponimlərinin saysız olduğunu qeyd edən müəlliflərin fikrincə, ermənilərin məqsədi əzəli torpaqlarımızdan bizim izlərimizi silmək olub: “…Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini davam etdirirlər. Tarixi Azərbaycan torpaqlarında XX əsrin sonlarında müstəqil Ermənistan dövləti qurulduqdan və Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olunmuş ərazilərində addəyişmə əməliyyatlarına başlanmışdır. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər və Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır.  Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Ali Sovetinin Rəyasət Heyətinin” qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibati ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma “DQR”in “Ali Soveti”nin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdır. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondarma “DQR”in “Ali Sovetinin Rəyasət Heyəti”nin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akna”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdır. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır. 2009-cu ildə İrəvanda “Tiqran Mec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmişdir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kv. km ərazini əhatə edir. Həmin şəkillərin yalnız təqribən 6 faizi müasir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarət dağının adı isə “Dizapayt”, Kəpəz dağının adı “Alqarak” kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”), Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir. Ağdam rayonunda Xaçınçayın sahilində yerləşən “Şahbulaq qıfılı” memarlıq abidəsi “Tiqranakert” kimi təqdim edilir. Halbuki, erməni tarixçiləri bir zamanlar “Tiqranakerti” Şərqi Anadoluda lokalizə etmişdilər. Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın milli atlası” ikicildliyində son həddə çatdırmışdır. 230 səhifə həcmində Milli Atlasın birinci cildinə 65 saxta xəritə daxil edilmişdir. 260 səhifə həcmində Milli Atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan respublikasını, qondarma “DQR”i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqivistik soyqırıma məruz qoyulmuşdur. Lakin diqqətçəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yer-yurd adlarını elə əvvəlki adları ilə – yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş adlar əsasən saxlanır. Məsələn, www.astrolab.ru, – www.travelpost.com, www.fallingrain.com saytlarında müasir Ermənistan Respublikasında mövcud olan, uzunluq və en dairəsini göstərən minlərlə toponim öz əksini tapmışdır ki, onların da mütləq əksəriyyəti türkmənşəli əski adlarını özündə saxlayır”.

İradə SARIYEVA