Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

0
400

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.

Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı.

Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir.

Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.