DYP-dən həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət

0
15

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Müraciətdə hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında hökm sürən yağışlı havanın yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunduğu qeyd olunub.

“Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”. – müraciətdə bildirilib.