Dünyanın “bərkgedən” neft ölkələri pul dilənməyə başladı

0
532

Dünya bazarında neftin qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin vəziyyətini pisləşdirib. Hətta vəziyyət o həddə çatıb ki, neft hasilatında önəmli payı olan Nigeriya, Qabon kimi ölkələr müxtəlif qurumlardan kreditlər istəməyə məcbur qalıblar.

Nigeriyanın 7 milyardlıq borc istəyinə Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu maliyyə qurumları müsbət cavab verməyib. Neft nəhəngi olan Səudiyyə Ərəbistanı və Rusiya da yaranmış vəziyyətlə bağlı müəyyən narahatlıq keçirir. Səudiyyə Ərəbistanı neftdən aldığı zərbəni yumşaltmaq üçün 32 milyard vəsait ayırıb. Azərbaycanın da büdcəsinin əhəmiyyətli hissəsini neft gəlirləri təşkil edir. Buna baxmayaraq, Azərbaycan heç kimdən borc istəmir. Bu fərq nədədir?

  • Asif İbrahimov: “Dar gün üçün lazım olan tədarükü vaxtında görə bildiyimiz üçün biz heç kimdən borc istəmirik”

Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünya birjalarında neftin qiymətinin aşağı düşməsi danılmaz reallıqdır:“Bunun da səbəbi tələbatla bağlıdır. Sərhədlərin bağlanması, bir çox dövlətlərdə karantin qaydalarının hökm sürməsi belə vəziyyəti yaradıb. Maşınlar sürülmür, təyyarələr üçüşlarını təxirə salıb. Bu da bir çox şirkətlərin anbarlarında neftin yığılıb qalmasına səbəb olub. Tələbət olmadığına görə neftin qiyməti dünya birjalarında aşağı düşür. Artıq şirkətlər hətta anbarlarından nefti daşıyan şirkətlərə pul ödəyirlər. Yəni deyirlər ki, çıxardığım nefti pulsuz apar, üstündə də pul verirəm. Neft böhranından əvvəl də bizim hesablamalarımız göstərirdi ki, 2020-ci ildə ölkələrin çoxu borc kreditləri ilə bağlı maliyyə qurumlarına müraciət edəcək. Neftlı bağlı vəziyyətin kəskin dəyişməsi bu prosesi bir qədər də sürətləndirdi. Artıq bir çox neft ixrac edən ölkələr bununla bağlı müraciətlər ediblər. Azərbaycanın adı o siyahıda yoxdur. Önümüzdəki bir müddətində də Azərbaycanın bununla bağlı ehtiyacı olmaycaq. Bu, başlıca olaraq Azərbaycanın iqtisadi potensialı ilə bağlıdır. Ölkəmiz neftin baha qiymətə satıldığl dönəmdə də postneft dönəminin yarada biləcəyi reallıqları nəzərdən keçirib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı zəruri və mükəmməl qanunverici baza hazırlanıb. Həmin istiqamətdə ciddi addımlar atılıb. Artıq ölkəmizdə qeyri neft sektoru inkişaf edir və büdcəyə gəlirlər verir. Neft gəlirlərinin şaxələndiriliməsi və həmin vəsaitlərin səmərəli idarə olunması ölkəməzin valyuta ehtiyatlarını artırıb. Yəni dar gün üçün lazım olan tədarükü vaxtında görə bildiyimiz üçün biz heç kimdən borc istəmirik. Dünya iqtisadiyyatı bənzər mənzərə ilə dəfələrlə rastlaşıb. Hətta iqtisadiyyatda “Holland sindromu” deyilən bir anlayış da mövcuddur. Bu baxımdan da, bütün neft ixrac edən ölkələr neftin daimi olmadığını düşünüb, qabaqlayıcı tədbirlər görməliydi. Yəqin ki, pandemiyadan sonra neftin qiymətində artım olacaq və vəziyyət bir qədər stabilləşməyə doğru gedəcək”.

Məhəmmədəli QƏRİBLİ