12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 24 il ötür.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub.
1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə hökm sürən qanunsuzluqlara qarşı mübarizə özünün yeni fazasına daxil oldu.
Heydər Əliyev Azərbaycan xalqının mənafeyinə xidmət edən milli ali qanunun qəbulu üçün çalışırdı.
Heydər Əliyev bu barədə danışarkən deyirdi:
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Nəhayət, müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib.
Konstitusiyalar yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədilə ortaya çıxıb.
Tarixən bir sıra dövlətlərdə istifadə edilən müxtəlif siyasi idarəetmə sistemləri, xalq və dövlət arasında fikir ayrılıqlarına gətirib çıxarıb. Tarix sübut edib ki, hüququn üstünlüyü, konstitusion sistemin bərqərar olmadığı dövlətlərdə, insanların təbii hüquqlarının istismar edilməsi baş verir. Konstitusiyanın olmaması siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə konstitusiyanın yaradılmasının əsas məqsədi hüquq dövlətinin yaradılmasıdır.
Bu mənada, Azərbaycanın çətin vaxtlarında vətəndaşların hüquq və mənafelərinin Əsas Qanunla zəmanət altına alınması böyük tarixi hadisə idi.
Müstəqil Azərbaycanda Konstitusiyanın qəbulu ölkəmizin dünya dövlətləri sırasına daxil olmasının sübutu oldu.
Konstitusiya dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur.
Konstitusiya ictimai həyata qaydalar gətirir, vətəndaşların dövlətlə olan münasibətlərini tənzimləyir və cəmiyyətdə insanın yerini müəyyən edir.
Bu səbəbdən hər bir vətəndaş başqalarının haqlarına hörmətlə yanaşmalı, Konstitusiyanı bilməli və ona hörmət edilməlidir.
Xalqın iradəsinin nəticəsi olan Konstitusiyada, məhz hakimiyyətin mənbəyinin xalq olduğu təsdiqləndi.
Konstitusiyada öz əksini tapan xalq hakimiyyəti ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları birləşdirən dəyərdir.
Ali qanunlar toplusu olan bu vacib hüquqi sənəd, 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir.
Konstitusiya suveren, öz yolunu seçmiş ölkədə əsas hüquq və azadlıqlar, dövlət hakimiyyəti, yerli özünüidarəetmə, hüquq və qanunvericilik sistemi mahiyyətlərini izah edir.
Konstitusiya ümumi hüquq sisteminin əsasını qoyaraq, bilavasitə dövlət-hüquq münasibətlərini idarə edir.
Ölkə Prezidenti İlham Əliyev Konstitusiyanın qarantı kimi çıxış edir.
Prezident Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyünün qorunması, demokratik, dünyəvi dövlətin qurulması, iqtisadi-sosial qaydalara uyğun, hamının layiqli həyat səviyyəsini təmin etmək istiqamətində, məqsədyönlü strateji kursun həyata keçməsinə şərait yaradır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.
Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə edib. Əlavə və dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin işinin təkmilləşdirilməsinə, məsuliyyətin artırılmasına, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib.
Beləliklə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Ölkə başçısı İlham Əliyevin dediyi kimi universal dəyərlərə əsaslanan Azərbaycan Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir. Konstitusiya Azərbaycan xalqının firavanlığına xidmət edir.
Konstitusiyanın 4-cü maddəsində qeyd olunur ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
5-ci maddədə isə Azərbaycan xalqının vahid olduğu göstərilib. Bildirilir ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir.
Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.