Dumanlı dağların yaşıl qoynundakı yorğun pəri – FOTOREPORTAJ

0
305

Bura sanki min bir rəngin sayrışdığı heyrətamiz tablodur. O möhtəşəm mənzərəni izlədikcə, Bakının səs-küyünü unudub, dərindən nəfəs alıram: bütün yorğunluğumu dərin bir rahatlıq əvəz edir. Bu yerlər başqa bir dünyadan xəbər verir. Təbiətin bu yorğun pərisini izləyəndə insanın ruhu dinclik tapır və harada olduğun unudur…

Oxu.Az-ın fotoqrafı Ramil Yunus da bu gözəlliyi lentə aldıqca, burada günlərcə qalmaqdan danışır. Özümüzü cənnətdə hiss etdik desəm, yəqin ki, yanılmaram. 

kontakt.azУзнать больше

Olduğumuz məkan dörd bir yanı yaşıllıq olan Göygöl Milli parkıdır. 

Burada Azərbaycan şairi Əhməd Cavadın şedevrlərindən hesab olunan Göygöl şerini xatirlamamaq mümkün deyil:

Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda:
Əks etmiş dağların camalı Göygöl!

Göygölün yaranması 

Azərbaycan göllərindən söz düşəndə, şübhəsiz, ilk olaraq Göygöl və Maralgöl göz önünə gəlir. 

1139-cu ildə zəlzələ baş verir. Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsir və tərkibində yeddisi böyük olmaqla, ümumilikdə 19 göl olan şəbəkə yaranıb.

Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb edib və XX əsrin əvvəllərində – 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılıb.

1925-ci ildə Azərbaycan ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. Sonralar qoruq ləğv edilib və ictimaiyyətin arzu və təkliflərinə əsasən 1965-ci ildə yenidən təşkil edilib.

2008-ci ildə isə prezidentin imzaladığı sərəncama əsasən, Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılıb. Sahəsi 6 739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılıb.

Göygöl Azərbaycanın ən gözəl təbiət muzeyi sayılır. Dəniz səviyyəsindən 1 556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2 800, eni 800-1000 metr, dərinliyi isə 96 metrə çatır. 

Milli parkın girişində təlimatlandırıcı lövhələr quraşdırılıb. Parka giriş adambaşına iki manatdır. Altı yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur.

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyilli yamaclar səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. 

Qafqaz maralı, vəhşi keçi, farel…

Elə biz orada olan zaman “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə 5 000 ədəd qızılxallı balığının körpələri Göygölə buraxıldı. Məqsəd Göygölün balıq populyasiyasının artırılması idi. Çünki Göygölün faunası olduqca zəngindir və göldə qorunmaqda olan farel balıqları yaşayır. Ətrafdakı meşələrdə isə Qafqaz maralı, vəhşi keçi, Sibir samuru və başqa heyvanlar var.

Milli parka səyahət edən turistlər də az deyil. Böyükdən-kiçiyə hər kəs buranın gözəlliyindən zövq almaq üçün gəlib. 

Elə beş yaşlı Nur Əliyeva da deyir ki, buranın gözəl mənzərəsi olduğu üçün atası bacısı ilə onu tez-tez milli parka gətirir:

“Bura çox qəşəngdir. Biz tez-tez bura gəlib gəzirik. Çoxlu oyunlar oynayıb, velosiped sürürük”.
Gözoxşayan mənzərəli məkanlarımızdan biri də Maralgöldür. Bu göl haqqında bir çox rəvayətlər qoşulub.

300-ə yaxın pilləkən və füsunkar aləm

Göygöl və Maral göl arasında təxminən 400 metr hündürlük fərqi var. Maralgölə qalxmaq üçün 296 pilləkən qət etdik. Yaşıllığın arasında füsunkar gözəllik və suyun şəffaflığı insanı heyran edir. Bunu görmək üçün həmin pilləkənləri çıxmağa dəyər.  

Maral gölün dəniz səviyyəsindən hündürlüyü 1 910 metr, uzunluğu 700 metr, eni 500 metr, sahəsi isə 23 hektardır.

Yaşıl ağacların, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü mənzərəni özündə güzgü kimi əks etdirir.

Dörd ay ərzində 12 mindən çox turist 

Maralgölə bizimlə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da qalxır.

Onun sözlərinə görə, ölkəmizin ərazisində rəngarəng landşaft komplekslərini əhatə edən 10 milli parkımız var:

“Bütün milli parklarımız özünəməxsus gözəldir, amma Göygölü xüsusi qeyd etmək istərdim. Çünki bu yerlərin hər qarışına bələdəm, eyni zamanda, bu torpaqlar mənə çox doğmadır. Bu bölgədən olduğuma görə uşaqlıq illərində hər tətilimi burda keçirmişəm. Dağlar qoynunda olan bu göldə havanın təmizliyini, oksigen ilə zənginliyini o dəqiqə hiss etmək mümkündür”.

ETSN-nin rəsmisi Ramazan bayramı üçün nəzərdə tutulmuş tətil günlərində hər kəsi ölkəmizin milli parklarına baş çəkməyə, açıq havada təbiətimizin gözəlliklərindən zövq almağa çağırıb:

“Hər kəs milli parklara gəlib, istirahət edə bilər, amma koronovirus pandemiyası ilə bağlı qaydalara riayət etmək mütləqdir”.

O qeyd edib ki, bu ilin dörd ayı ərzində Göygöl Milli parkını 12 mindən çox turist ziyarət edib. İstərdik ki, bu say daha çox olsun, insanlarımız təbiətlə təmas qurduqca onun dəyərini biləcək”.

Parka gələn turist Hicran Tahirqızı deyir ki, onun üçün Göygöl dörd fəsildə də gözəldir:

“Mənim fikrimcə, Göygöl gözəl olduğu üçün ona fəslin fərqi yoxdur. Hər fəsil buraya gəlirik. Təbiətin ecazkar əksi sanki güzgüdə görünürmüş kimi göldə əks olunur. Onun üçün bura gəlməkdən yorulmuram”.

Burada keçirdiyimiz bir neçə saatdan sonra Bakıya yollandıq. Siz də təbiətdən zövq almaq istəyirsizsə, yolunuzu bu parkdan sala bilərsiniz.