Dövlət satınalmaları hər kəs üçün maraqlı sahədir. Bu satınalmalar birbaşa dövlət vəsaitinin istiqamət üzrə və səmərəli istifadəsi ilə yanaşı, rəqabətə də mənfi və müsbət təsir edə bilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.
O bildirib ki, bu sahədə şəffaflıq və tənzimləmənin düzgün prinsiplərlə aparılması birbaşa iqtisadiyyatımızda rəqabətliyə təsir göstərə bilər.
Məmməd Abbasbəylinin sözlərinə görə, ötən il ərzində dövlət büdcəsindən maliyyələşən dövlət təşkilatlarının satınalmaları 6 milyard 567 milyon manat olub:
“2019-cu illə müqayisədə satınalmaların həcmi təqribən 14,8 faiz artıb. Onların içərisində müsabiqə əsaslı satınalmalar 3 milyard 500 milyon manat təşkil edib. Bu istiqamətdə satınalmaların həcmi 2019-cu illə müqayisədə 31,2 faiz artıb”.
Qeyd edilib ki, ötən il bir mənbədən satınalmalar 2019-cu illə müqayisədə 22,1 faiz azalıb. Bu statistikaya COVID-19 üzrə bir mənbədən satınalmalar daxil deyil.
Dövlət Xidmətinin rəis müavini əlavə edib ki, 2019-cu ilin göstəriciləri ilə müqayisədə ötən il dövlət büdcəsinə 300 milyon manatdan çox qənaət əldə edilib.
Belə ki, açıq tenderlər üzrə 242,4 milyon manat, təkliflər sorğusu üzrə 55 milyon manat, kotirovka sorğusu üzrə 8,1 milyon manat qənaət əldə olunub.