Dövlət Neft Fondunun büdcə gəlirləri və xərcləri açıqlanıb

0
488

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 milyard 593,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 46,3 milyon manat olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 235,1 milyon manat təşkil edib.

O cümlədən, mənfəət neftinin və qazın satışından 5 milyard 445,5 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,8 milyon manat, tranzit gəlirləri 15 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 milyard 394 milyon manat təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 852,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,4 milyon manat yönəldilib.

Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 14,9 milyon manat təşkil edib.