Deputat: “İlham Əliyev çıxışı ilə ciddi şəkildə Fransanın Ermənistana niyə dəstək olduğunu ortaya qoydu”

0
160

“Əlcəzairdə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı çox mühüm əhəmiyyət kəsb etdi. İlham Əliyevin Qoşulmama Hərəkatının rəhbəri, eyni zamanda məhz müsəlman dövləti olan Azərbaycanı təmsil edən dövlət başçısı kimi çıxışı və Fransa haqqında dedikləri böyük bir mesaj idi. Əlcəzair də bir sıra Qərb dövlətləri tərəfindən daim təcavüzə məruz qalıb və bu təcavüz nəticəsində minlərlə insan həyatını itirib”.

Bu sözləri  açıqlamasında Milli Məclis deputatı Arzu Nağıyev deyib. Millət vəkili işğalçı Fransanın bu gün işğalçı Ermənistana havadarlıq etməsindən də söz açıb:

 “Əsas məqam ondan ibarətdir ki, Fransa öz gözündə bu qədər tiri görmədən insan haqlarının tapdalanmasıyla bağlı Ermənistanı dəstəkləməyə çalışır. Bu, ciddi məsələdir. 30 il müddətində ATƏT-in Minsk Qrupunun həmsədri kimi çıxış edən, son vaxtlar isə Ermənistana havadarlıq etməyə çalışan Fransa birmənalı şəkildə heç zaman sülhün bərqərar olması üçün hansısa addım atmayıb. Sadəcə olaraq iqtisadi, siyasi və regional baxımdan mənafeyini güdüb. Buna görə də Fransa prezidenti Makronun çıxışları sülhün bərqərar olmasının əleyhinə yönəlmiş çıxış kimi yadda qaldı”.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev çıxışı ilə ciddi şəkildə Fransanın kim olduğunu və Ermənistana niyə dəstək olduğunu ortaya qoydu:

“Bir daha bütün dünyaya biz göstərdik ki, bizim öz xarici siyasətimiz var. Biz siyasətdə təkcə ümumi maraqlardan çıxış etmirik, dostluq ənənələrinə də mütləq şəkildə əməl edirik, bundan istifadə edirik. Türkiyə və digər dövlətlərlə olan münasibətlərimiz göz qabağındadır. Biz xarici siyasətimizi özümüz qururuq və burda bizə kiminsə yol göstərməyinə ehtiyac yoxdur. Soçi görüşündə də problemlərin həllində Prezident öz fikrini açıq şəkildə dünya ictimaiyyətinə çatdırdı. Bu bir daha Azərbaycanın müstəqil dövlət olduğunu, vətəndaşlarının rifahını hər şeydən üstün tutduğunun göstəricisidir”.