Deputat: İkitərəfli əlaqələr regiona daha dayanıqlı sülh vəd edir

0
211

Dövlətlərarası ikitərəfli əlaqələr qarşılıqlı etimada və inama söykənir. Azərbaycanla Gürcüstan tarixən mehriban qonşuluq şəraitində yaşayıb. İmperiya dağılandan, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri də məhz Gürcüstandır. Ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm, davamlı sülhün nəticəsidir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüs¬ta¬na rəsmi səfərində Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib. İstər kitab, istərsə də sərgidə nümayiş etdirilən fotolar xalqımızın tarixinin bir dövrünü – xanlıqlar dövrünü əks etdir¬məklə qürurvericidir.
“Dövlətimizin başçısının qeyd etdiyi kimi ölkələrimiz arasında birgə icra olunan layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının labüdlüyünü bildirən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün təmin edilməsindən və əməkdaşlıq imkanlarından danışıb.
Prezident İlham Əliyev Azərbaycanın dünya bazarlarına qaz ixracatını artırmaq niyyətində olduğunu, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac olduğunu da, yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlılığını da nəzərə çatdırdı”, – deyə S.Xasayeva bildirib.
Deputat vurğulayıb ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Belə ki, enerji və nəqliyyat sahəsində yeni layihələr reallaşdırılır. Avropa İttifaqına qaz ixracının artırılır və onun həcmi 2027-ci ildə 20 milyard kubmetrə çatdırılacaq. Elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcəyi planlaşdırılır.
Gürcüstan Respublikasının Baş naziri ölkələrimizin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin əməyini xüsusi qeyd etdi: “Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq”.
Ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev mətbuata bəyanatında dedi: “Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur”.
Prezident İlham Əliyevin Gürcüstana səfərinin hər iki dövlət üçün həm siyasi, həm də iqtisadi baxımdan səmərəli olacağını vurğulayan deputat bildirib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi həm də region üçün çox önəmlidir.