“Dastan gecələrinin bərpası və təbliği” adlı layihənin icrasına başlanılıb

0
330

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan “Dastan gecələri”nin bərpası və təbliği” adlı layihənin icrasına başlayıb.
Türk xalqlarında folklorunun ən aparıcı janırlarından biri dastanlardır. Avroasiya məkanında geniş yayılmış dastanlar qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğuları özündə əks etdirir. Qədim köklərə bağlı dastançılıq ənənəsi bu gün də yaşayır və aşıqlarımız tərəfindən yeni dastanlar yaradılır.
Geniş həcmi ilə seçilən dastanlar qurluş etibarı ilə Avropa romanlarını xatırladır. Orada qəhrəmanın həyat hekayəsi özünə geniş yer tapır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır.
Bütün bunları nəzərə alaraq, təşkilat Azərbaycanda dastançılıq ənənəsinin qorunub, saxlanması və inkişafı üçün 17-19 aprel 2022-ci il tarixdə Bakı şəhərində “Dastan gecələri”nin keçirilməsini planlaşdırır. Eyni zamanda 20 aprel 2022-ci ildə “Dastanlarda milli –mənəvi dəyərlər” mövzusunda Konfrans keçirməyi planlaşdırıb. Artıq konfransa Şəkidən, Gəncədən, Qobustandan və d. elmi-yaradıcılıq müəssisələrindən məqalələr göndərilmişdir. Təşkilat gələcək illərdə də bu fəaliyyəti aktual olaraq öz fəaliyyət planında saxlamaq niyyətindədir.