Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

0
15

Dekabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Arzu Nağıyev gündəliyə 3 qanun layihəsinin daxil edildiyini bildirib.

O, gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə diqqətə çatdırıb ki, layihə Azərbaycanda minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. Komitə sədri qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Arzu Nağıyev sənədin əvvəlki oxunuşlarda geniş müzakirələrdən keçdiyini qeyd edib, müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, agentliyin idarə rəisi Elnur Qasımov deputatların əvvəlki oxunuşlarda qanun layihəsi ilə bağlı qaldırdıqları məsələlərə izahat veriblər, münasibətlərini bildiriblər.

Qanun layihəsinin müzakirəsində komitə sədri Arzu Nağıyev, komitə sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Hikmət Məmmədov, Pərvanə Vəliyeva, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva çıxış ediblər. Onlar qanun layihəsinin ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətin həyata keçirilməsində əhəmiyyətindən danışıb, bu sahədə beynəlxalq standartların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, istifadə olunan əsas anlayışların mənaları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, rəylərini səsləndiriblər.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gələrək hazırlanıb.

Gündəliyin üçüncü məsələsi olan “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə 2023-cü il dekabrın 19-da qəbul edilmiş “Dövlət ehtiyatları haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanundan çıxarılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunda da müvafiq anlayışların uyğunlaşdırılması nəzərdə tutulub.

Gündəlikdəki qanun layihələri müzakirə edilərək baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.