Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub

0
547

 

Sentyabrın 14-də Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunub.

Karatenin daha da populyarlaşması və təbliği məqsədilə təşkil olunan seminar sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.

Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində minə yaxın idmançı qatılıb.

Tədbirdə çıxış edən dağ yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq turnirin təşkilinə görə yəhudi icmasına minnətdarlığını bildirib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”.

Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov A.Aqarunov ilə bağlı xatirələrini bölüşüb, turnirin təşkilinə görə minnətdarlığını bildirib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov isə belə seminar və turnirlərin gənc karateçilərin yetişməsində əhəmiyyətini xüsusi vurğulayıb. O, bu seminara ayrı-ayrı klublardan minə yaxın idmançının cəlb olunduğunu bildirib. Federasiya prezidenti sentyabrın 27-29-da keçiriləcək karate turnirinə yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib.
Seminarda federasiya rəsmiləri, milli komandanın məşqçiləri, yığmanın üzvləri təcrübələrini azyaşlılarla bölüşüb, bu idman növünün sirləri barədə məlumat veriblər.