Çöpü də ikiyə bölmərəm daha – SÖHRAB TAHİR

0
278

27 may sözə sevdalı şair, “Şöhrət” ordenli Xalq şairi ŞÖHRAB  TAHİRin  anadan olmasının 96-ci ildönümüdür. 

Ehtiramla xatırlayaq.

Azərbaycan Respublikasının Xalq şairi nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir. Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur. * Mən od oğlu – Azəriyəm!… Azadlıq təşnəsi, vətəndaşlıq mövqeyi, eləcə də özünəməxsus poetik dünyası ilə seçilən Söhrab Tahir Ana vətənin ürəyində doğulmuş, diləyində həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan qüdrətli söz ustasıdır. Söhrab Tahir yaradıcılığı sarsılmaz inqilabi ruh, aydın milli təfəkkür işığı, coşqun vətənpərvərlik, azadlıq düşmənlərinə alovlu nifrət və humanizm üzərində köklənmişdir.  1946-ci ilin aprelində yazılan ilk şeiri 1948-ci ildə “Azərbaycan” qəzetində dərc edilmişdir.Şairin əsərlərinin bədii-estetik əhəmiyyəti bundan ibarətdir ki, o, yalnız bir fərdi deyil, böyük bir ictimai təbəqəni xalqı, vətəni təmsil etmək dərəcəsinə yüksəldir. Onun müxtəlif, rəngarəng hisslərinin, çoxşaxəli fikirlərinin əsasında vətənpərvərliyi və azadlıq dayanır. Söhrab Tahir Azər-Azər poeziyası məhz bu çeşmədən, xalqın sarsılmayan tarixi nikbinliyindən və milli arzusundan qüvvət alır. Şirin dil, dolğun təşbehər, mənalı, oynaq xalq ifadələri, vətənpərvərlik hisslərinin ümumbəşəri ideyalarla qaynaqlanması Söhrab Tahi yaradıcılığının qiymətli xüsusiyyətlərindəndir. 1947-1951-ci illərdə onun bir sıra şeir və hekayələri müxtəlif almanax və toplulara, o cümlədən, “Cənubi Azərbaycan antologiyası”na daxil edilmişdir. Şairin yurdsevərliyi, torpağa bağılılığı, döyüş əzmi və vətənə məhəbbəti yaşlı olmasına baxmayaraq, onu Azərbaycan Milli Ordusunun cəbhə və ön atəş xəttində mənfur düşmənlə üz-üzə döyüşən zabit və əsgər heyəti ilə dəfələrlə görüşməyə sövq edirdi. Orduda, cəbhədə və ön atəş xəttində zabit və əsgərlərlə fəal görüşlərinə görə Azərbaycan Müdafiə Nazirliyi SöhrabTahir Azər-Azərə yazılı təşəkkürünü bildirmişdir. Şairin milli vətənpərvərlik ruhunda yazdığı şeirlər Milli Ordumuzun döyüşçülərini amansız düşmən tapdağından azad etmək uğrunda qəhrəmancasına döyüşməyə ruhlandırır: Sən qeyrətdən, rəşadətdən doğuldun,Şanlı, doğma, Azərbaycan Ordusu!Haqdır yolun, ədalədir istəyin,Şanlı, doğma, Azərbaycan Ordusu!Bayrağında ay-ulduzdan ağ çələng,İrəli get, dəniz kimi ləpələn,Düşmən üstə mərmi kimi səpələn,Şanlı, doğma, Azərbaycan Ordusu!(Azərbaycan Ordusu)Şairin istifadə etdiyi boyalar, sözlər, fikir və ideyalar canlıdır, qüvvətlidir, təsirlidir. Gün gündən çiəklənən, dünya xalqları içində öz səsini və üçrəngli bayrağını yüksəklərə ucaldan müstəqil Azərbaycanın tərəqqisini görən şairi vətənə məhəbbət dolu ürəklə dünyaya hayqırır:Mənim Respublikam, mənim millətim,Başa vur uğurla bu təzə yolu.Azadlıq, ucalıq sənin ən qədimMilli başbiletin, qeyrətin olub. Bölünmüş vətən, ayrılıq mövzusu onun poeziyasının leymotivini təşkil edir. “Azad qardaşım var” şeirindən dillər əzbəri olmuş misralar Söhrab Tahir Azər-Azər yaradıcılığının rəmzinə və himninə çevrilmişdir: Azad qardaşım var onunla xoşamMən gərək sahili sahilə qoşam.İki bölünməkdən elə qorxmüşam,Çöpü də ikiyə bölmərəm daha. Şair güneyli quzeyli torpaqlarımızın, xalqımızın ağrı və qayğıları ilə nəfəs almış və dönə-dönə bu mövzuya müraciət etmişdir. Ayrılıq və birlik, multikultural dəyərlər mövzusuna: İki vətən olub bir xalqımızdan,İki sərhəd olub vətənə bir çay.Elə gülməlisən, danışmalısan,Nə o tay incisin, nə də ki, bu tay.Mən bir güllə idim, tüfəngə doldumHədəfə dəymədim-çıxdım hədəfdən.Arazın içində bir ada oldum,Nə o tərəfdənəm, nə bu tərəfdən.Həm o tərəfdənəm, həm bu tərəfdən.* “Anam Nəsibə – qızım Nəsibə” Bir ömür boyu Güneylə Quzeyin birləşəcəyinə inam hissi ilə yaşayan şair vətəninin gələcək taleyi ilə nəfəs alır: Dənizlər, dəryalar mənə dayazdır,Ən dərin bir çay var, o da Arazdır.Mənə görüş verin, azadlıq azdır,Görüşsəm ayrılmaq bilmərəm daha!Ömrümdən qürbətlər, yadlar qovulsun,Keçmişim yiyəsiz qaldı, qoy olsun!..Ancaq gələcəyim mənimki olsun,Mən onu ömrümdən silmərəm daha! Azadlığı Savalanın zirvəsində görən və bu ucalığa çatmaq üçün “ dərələri xurcun kimi çiyninə aşırıb”, qayalardan atılaraq “quzu olub daşlarını yalayaram duz kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki mənaya fikir verin: Qurban olum sənin dam uçuran yağışına, doluna,Qurban sənin dağ yolunu səngər etmiş oğluna,Gir qoluma, daha çıxaq böyük dünya yoluna,Dayan, dayan, ey əcdadım, qoy mən girim qolunaSavalanım, Savalan!.. Gözəl günlər uğrunda ömrünü odlara atan və indi sanki yer üzünün gəzəri Savalanına çevrilən Söhrab Tahir Azər-Azər təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir. Erkən yaşlarından poeziyaya maraq göstərən Söhrab Tahir Cənubi Azərbaycanda milli azadlıq yolunda çarpışan,mübarizə aparan hüriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir. Apardığı haqq işinin bəxş etdiyi “ərməgan” bu oldu ki, doğulduğu yurddan, anasından, uşaqlığının minbir xatirəsini yaşadan yerlərdən, əzizlərindən ayrı düşdü. Şehli gəncliyindən bu günə Savalanmış ömrünə kimi, özü demişkən, iki həyat yaşadı: Mənim qollarımı iynə-sap edinTikin Astaranı biri-birinə.Çayları, yolları iynə-sap edinTikin Culfaları biri-birinə.

Söhrab Tahir Azər-Azərin şeirləri Azərbaycan poeziyasında bir mənəvi səngər qurdu. Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hisslərinin qədərsizliyinə, əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı ləçəklərdəki fikir duyumu çox düşündürücüdür. “ Şöhrəti hər yerdə sərxoş görmüşəm”; “Sabahı görürəm söz aynasında”; “ Bir az tərifinin vaxtı keçəndə, köhnə rezin kimi boşalır adam”, “ Sürüşkən, yuvarlaq olduqları üçün birləşə bilməyir, daşılır daşlar”, “ Təzə nəslə köhnə yamaq olmuşam” və s. “Ana hökmdar” mənzum dram əsərini şair Aran hökmdarı Tomrisə həsr etmişdir. Əsərdə cərəyan edən hadisələr Miladdan əvvəlki dövrü əhatə edir. Tomrisin Keyxosrovla, Herodotla görüşləri, Tomrisin uşaqlıq dostu, onun ilk sevgilisi İtgin, Tomrisin qoşun sərkərdəsi, gənc pəhləvan Gücər, Tomrisin vəziri, məsləhətçisi və ağsaqqalı Mad, başqa obrazlar həm bədiilik, həm də tarixilik baxımından diqqəti cəlb edir. Söhrab Tahir Azər-Azər 1977-ci ildə yazdığı “Azərbaycan” poemasın Azərbaycan xalqının varlığını danan, onun qəhrəman keçmiçinə, tarixinə kölgə salmaq istəyən şovinistlərə cavab olaraq yazılmışdır. Poema epik janrda yaranan əsərlərin zirvısində durur. ”Azərbaycan” poeması onun poemalarını müqəddiməsi, ön sözüdür. Şair xalqının gələcəyinə nikbin baxışını “Azərbaycan” poemasında belə ifadə edir: Yüz il də keçərsə bu ayrılıqdan,Öz birlik haqqını bu xalq alacaq.Bir gün mənim xalqım birləşən zaman,Dünyada ən zəngin bir xalq olacaq. “Qardaş torpağında” adlı ilk poeması 1949-cü ildə çap olunmuşdur. “Sevgi əfsanəsi”, “Valeh qəzəl oxuyurdu”, “Yaralı xatirələr”, “Anasız”, “Sevgi yağışı”, “Səttarxan”, “Vətənlə sevgi arasında”, “Yaxşılıq”, “Bir il azadlıqda”, “Fədai”, “Tale ulduzu” və s. poemaları klassik Azərbaycan şeirinin mütərəqqi ənənələri ilə qidalanmış və cağdaş şeirimizin ən gözəl, ən qabaqcıl nümunələri səviyyəsinədək yüksəlmişdir. Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposu Azərbaycanın tarixi-multikultural dəyərlərinin ensiklopediyasına daxil edilmişdir. Xalqımızın ən qədim dövrlərinə baş vuran tədqiqatçı şair Azərbaycan xalqının təşəkkül tarixinin poeziyamızda uğurlu, orijinal ifadəsinə nail olmuş, müqəddəs “Ata” adına əbədi bir abidə yaratmışdır. Azərbaycan ədəbiyyatında, 2048 səhifədən ibarət olan ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposu 1991-ci ildə Azərbaycanın ən qədim şeir forması – qoşma şəklində qələmə alınmış. və 2016-cı ildə, ədibin ömrünə iki ay qalmış tam bitmiş şəkildə iki cilddə çapdan çıxmışdır. On min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi təsviri əsərdə öz əksini tapmışdır. “Ata” poema- eposu xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, ərəb,fars sözləri işlənmir.  Əsər Azrəbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb və bir sıra Avropa ölkələri alimlərinin tarixi fikirlərinə, eləcə də tarixi sənədlərə əsaslanmışdır. Müəllif əsərdə qədim ərazimizin insan, yer toponim adlarına açıqlama gətirir, məsələn: Mindiyar-Midiya, Odər-Azər, Əkbitən-Ekbatan, Minel, Turər, Qızağ, Ərqaya, Düzər, Gücər, Çuğçu, Çukotkalı və s. Epos VI giriş, ümumilikdə 46 qapı, qapılar 296 söyləncdən ibarətdir. Səndən tutdum, mən yenilməz güc oldum,Kitab yazdım, misralandım, iç oldum,Söz axtardım, yeni sözə ac oldum,Mən bir idim, o tay, bu tay, üç oldum,Əsər yazdım misra-misra köç oldum,Həm tarixdir, həm dastandır bu əsər. Söhrab Tahir Azər-Azər həm də istetadlı nasirdir. 1950-ci ildə yazılmış İlk nəsr əsəri olan “Kəniz qızın hekayəsi” maraqlı və mübarizə ruhu ilə aşılanmış şairin nəsr janrında yazdığı ilk qələm təcrübəsi oldu. “Azərbaycan” qəzetində çap olunan bu hekayə uğurlu oldu. Söhrab Tahir Azər-Azər ilk nəsr əsərlərini “Daşqın” təxəllüsü ilə yazmışdır. Dövrü mətbuatda bir-birinin ardınca çap olunan “Şəlalə və qaya”, “Ağac”, “Yol” və başqa hekayələri XX əsrin ikinci yarısında yaranan Azərbaycan nəsrinə yeni nəfəs, yeni mövzu gətidi. “Dəniz nəğmələri”, “Ölümdən güclü, həyatdan uca”, “İşsizlərin içində”, “Təbiət danışır”, “Qəribə adamlar”, “Qardaş torpağında”, “Kakə-həmə” və digərləri müəllifin şahlıq istibdadına qarşı mübarizə yolunda şəhid, məhbus və sürgün olmuş yoldaşlarına ittihaf etmişdir. İlk povestini – “İki sevgi, iki güllə” əsərini 1961-ci ildə qələmə alan ədib 1941-ci ildə Güney Azərbaycanda baş verən hadisələrə romanı, xüsusilə həmin dövrdə aparılan bəzi hərbi-kəşfiyyat əməliyyatlara həsr etmişdir. “Yazda payız söhbəti”, “Sevgi qurbanı”, “Dənizə nişanlı qız”, “Əmanət”, “İki müttəhim”, “Zəri”, “Fədai generalı” və s. povestlər öz məzmunu və qayəsi etibarilə olduqca qiymətli nəsr nümunələridir. “Qonşu qızın məktubları” Söhrab Tahir Azər-Azərin ilk romanıdır. Əsər iki hissədən ibarətdir. Romanın birinci hissəsi 1971-ci ildə yazılmışdır. Nəşri isə 1985-ci ildə reallaşmışdır. Əsərin ikinci hissəsi isə 1988-ci ildə işıq üzü görmüşdür. Çoxsaylı oxucu kütləsi “Qonşu qızın məktubları” romanını müəllifin avtobioqrafik etirafı kimi qəbul etdi.  *İki dəfə yox olmuş adam”  Xalq şairi və görkəmli yazıçının ikinci “İki dəfə yox olmuş adam” romanının qəhrəmanları mübarizə dolu həyat keçir.Onlar öz arzularına yalnız 1945-ci ildə “21 Azər” inqilabından sonra çatırlar. 1945-ci ilədək və ondan sonrakı dövrdə Güney Azərbaycanda baş verən hadisələr, “21 Azər” inqilabının Baş ideoloqu, Mir Cəfər Pişəvəri və onun məsləkdaşları haqqında Söhrab Tahir Azər-Azərin “Sevgisində itən qız” romanıdır. Üç hissədən ibarət olan bu əsər 1987-ci ildə tamamlanmış və ilk dəfə 1988-ci ildə ərəb əlifbası, 2012-ci ildə isə latın qrafikası ilə nəşr olunub. “Sonuncu şah” romanı İran tarixinin demək olar ki, yarım əsirlik bir dövrünü və həmin müddət ərzində baş verən ən mühüm ictimai-siyasi hadisələri əhatə edir. Ümumiyyətlə, azadlıq fədailərinin gənclik yaşlarından başlayaraq mübarizə yollarını izləyən müəllif zindanlardan, məhbəslərdən, sürgünlərdən keçən mübarizlərin azadlığın şirin dadını duyana qədərki dövr olmaqla xalqımızın mübarizə ruhunun epik təsvirini qəlmə almaqda çox mahir ustad olduğunu irili-xırdalı nəsr əsərləri ilə bir daha sübut etmişdir. Söhrab Tahir Azər-Azər 1500-dən artıq şeir, 57 poema, 19 roman, 7 povest, 75 hekayə, 2 pyes, 800-dən artıq ədəbi, elmi, publisistik məqalə, fəlsəfi traktat və ssenarilər, esselər, kitablara, elmi əsərlərə yazdığı müqəddimə və rəylərin müəllifidir. Azərbaycan YB-nə daxil olmaq üçün 50-dən artıq gənc qələm sahibinə zəmanət vermişdir.Kitabları: ”Ay işığında” (1956), “Bulaq” (1959), “Səndən uzaqda” (1961) “Həyat şirindir” (1963), “Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1967), “Gəl görüşək” (1968), Moskvada “Pesnya Mujestva” (1968), “Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973), “Mənim yolum (1975)”, “Atəş bulağı” (1977), “Döyüş lövhələri” (1980), “Ölümdən güclü həyatdan uca” (1981), “Sevgi əfsanəsi” (1983), “Qonşu qızın məktubları” roman (1985), “Vətənlə sevgi arasında” (1986), “İki dəfə yox olmuş adam” roman (1988), “Ölümdən güclü həyatdan uca” ərəb əlifbasında (1989), “General” (1989), “İnqilab qartalı” (1990), “Əmanət” (1991), “Lirika”(1992), “Vətəb səni çağırır” (1993), “Sevgi, sevinc, ayrılıq” (1996), “Um Heimat Willen” Berlin (1998), “Ata“ poma-eposunun I kitabı (1998) ,”Ata” poema-eposu I, II kitablar (2000-2002), “Sonuncu şah” roman (2001), “Sevgisində itən qız” (2001), Seçilmiş əsərləri” (2005), “Ata” (2009), “Sevgi azadıqdır” Tehran(2010), XXII cilddən ibarət kitablar toplusu (2005-2013), “Ata” poema-eposu I-II cild (2016).Ümumilikdə şairin 50-dən artiq kitabı Bakıda,Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb. * Çöpü də ikiyə bölmərəm dahaDərdi dərd olmuşdu elində mənə,Ağladım bir naşı güləndə mənə,Heç kəs ağlamasın öləndə mənə,Mən heç vaxt, heç zaman ölmərəm daha.Azad qardaşım var onunla xoşam,Mən gərək sahili sahilə qoşam,İki bölünməkdən elə qorxmuşam,Çöpü də ikiyə bölmərəm daha.Dənizlər dəryalar mənə dayazdır,Ən dərin bir çay var o da Arazdır,Mənə görüş verin Azadlıq azdır,Görüşsəm ayrılmaq bilmərəm daha.Mənim səadətim hardasa bitdi,O hasad gəlmişdi, hasad da getdi,Mənə nə etdisə səadət etdi,Badbaxt səadətə gülmərəm daha.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü