Çində evlilik böhranı: Hökumət pensiya yaşını artırmaq üçün…

0
9

Çinin Vətəndaşlıq İşləri Nazirliyi ölkədə evlilik nisbətləri ilə bağlı son məlumatı açıqlayıb. Əgər tendensiya belə davam edərsə, 1980-ci ildən bəri ən aşağı rəqəmlər görünəcək.

2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evləndiyi halda, keçən ilin eyni dövründə bu rəqəm 5,69 milyon qeydə alınıb. 2013-cü ildə 13 milyon toyla zirvəyə çatan nikahların sayı 2022-ci ildə 6,83 milyona enib. 2025-ci ildə bu rəqəmin daha da azalacağı gözlənilir.

Çində nikahların azalması ilə yanaşı doğum nisbətinin azalması da ciddi problemdir. 2022-ci ildə doğum səviyyəsi 1949-cu ildə Çin Xalq Respublikasının yaranmasından bəri ən aşağı səviyyəyə çatıb.

Çin Əhali və İnkişaf Araşdırma Mərkəzi doğum səviyyəsinin aşağı düşməsinin səbəblərini araşdırmaq üçün 150 rayonda 1500 icmadan 30 000 nəfərlə müsahibə aparmağı planlaşdırır. İşçi qüvvəsinin azalması səbəbindən Çin hökuməti pensiya yaşını yüksəltmək üçün yeni qaydaları da nəzərdən keçirir.