Suriyada Əsədin devrilməsi ilə Rusiyanın bu ölkədə, həm də yaxın Şərqdəki mövqelərinin zəiflədiyi görünsə də, mediaya sızan detallar Moskvanın Yaxın Şərqdə fərqli strategiya tətbiq etdiyini ortaya çıxarır.
ABŞ-da mənzillənən “Real Clear Defense” nəşri Rusiyanın Yaxın Şərq strategiyası ilə bağlı CİA-dan əldə etiyi məlumatları yayımlayıb.
Məlumata görə, ABŞ Ukraynaya Rusiya dərinliklərinə zərbələr endirmək icazəsi verdikdən sonra Putin Kremldə gizli toplantı keçirib.
Toplantıda Rusiyanın nüvə doktrinasının NATO-ya qarşı istifadə edilməsi ilə yanaşı, başqa qərarlar da verilib. Qərara görə, Rusiya İranın proksi qüvvələrinin olduğu bütün bölgələrə hərbi qüvvələr yerləşdirəcək, vasitəçilik fəaliyyətləri həyata keçirəcək, sülh danışıqlarına liderlik edəcək və yeni ticarət anlaşmaları ilə sanksiyaları dəlməyə çalışacaq.
Kreml Yaxın Şərqdə ABŞ-a alternativ olmaq strategiyasını tətbiq etməyi planlaşdırır.
ABŞ-da prezident seçilən Trampın İrandan qisas alacağı gözlənilir. Məlumatlara görə, Tehran Moskvadan kömək istəyib, Putin isə “bölgədə balans maraqlarımızın əleyhinə dəyişərsə, planı dərhal işə salacağıq” cavabını verib. Əsədin devrilməsindən sonra Putinin siyasi və hərbi qanada gizli toplantıda Yaxın Şərqlə bağlı verilən qərarın işə salınması tapşırığını verdiyi deyilir. Plana görə, Rusiya İranın bölgədəki proksi qüvvələrində rəhbərliyi ələ alacaq. Livan, Suriya və Yəməndə Tehrana bağlı HƏMAS, “Hizbullah” və husilərə verilən silah-sursat və maliyyə yardımı artırılacaq.
CİA-nın məlumatlarına görə, Moskva bununla həm yaxın Şərqdə ABŞ-a əsas alternativ olmaq, həm də ərəb ölkələri ilə hərbi və iqtisadi əlaqələri gücləndirmək istəyir.
ABŞ və İsrail mənbələri isə Rusiya hərbi strateqləri və kəşfiyyatçılarının bir ildən artıqdır HƏMAS və husilərin olduğu bölgələrdə fəaliyyətə başladığı haqda məlumatlar yayıb. İsrail mediası hətta “Hizbullah” qüvvələrinin hazırda Ukrayna cəbhəsində Rusiya tərəfindən döyüşdüyünü də iddia edir.