Bu 4 dövlət dünyanı bölüşdürür: Türkiyə orda olacaqmı?

0
29

ABŞ-da seçki dönəmi sona yaxınlaşır, üzümüzə gələn həftə yeni prezidentin adı məlum olacaq. Bir çox analitikin dediyi kimi, bu seçkilər tək ABŞ deyil, dünyanın da hansı yolla gedəcəyini müəyyən edəcək. ABŞ-da yarışan isimlər olsa da, əslində yarış iki fərqli dünyagörüş arasında gedir.

Bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, bu seçkilərdə ABŞ-da 11 min siyasi qrup (tərəfdar qrupları) təşviqat və təbliğatla məşğul olur:

“Bu günə qədər seçki təbliğatına və tədbirlərinə 15 mlrd. dollar xərclənib (26 mlrd. manata yaxın, yəni Azərbaycanın illik büdcəsinə yaxın). Demokratlar və Harrisin təbliğat qrupları tək Feysbuk və Quqlda reklam üçün 148 mln. dollar xərcləyiblər.

Dediyim kimi, ABŞ və dünya iki fərqli yol ayrıcındadır. Bu yolların bəlkə də məqsədi eyndir – yəni Amerikanın qüdrətini artırmaq. Amma bu məqsədə gedən yollarda ciddi fərqlər mövcuddur”.

Ekspert vurğulayıb ki, demokratlar ABŞ siyasi mənzərəsində “sol”durlar, yəni Amerikada nə qədər “sol” olmaq mümkündürsə, o qədər “sollaşıblar”:

“Harris hətta ABŞ-da dövlət tərəfindən tənzimlənən qiymət siyasətinin tərəfdarı olduğunu belə açıqladı – hətta demokratlar üçün belə çox “sol” yanaşma idi. Harris vergiləri artırmaq, sosial layihələri genişləndirmək, qaçqın-köçkünlərə daha loyal münasibətin tərəfdarıdır. Harrisin özü beynəlxalq siyasəti bilməsə də, komandası bu sahədə yeniliklər olacağını deyir, amma bu yeniliklərin nədən ibarət olacağını söyləmir.

Trump, obrazlı desək, ABŞ-ın oturuşmuş, “köhnə” elitasını, istehsalçıları, sahibkarları təmsil edir. O, daha aşağı vergilər, istehsal üçün daha yaxşı şərait, istehsalı və ixracatı stimullaşdırmaq üçün “ucuz dollar” və “ucuz neft” siyasəti vəd edir. Bu yanaşma ənənəvi-tarixi Amerika yanaşmasıdır, yəni iqtisadi fürsətlər üzərinə inşa edilmiş sistemin reanimasiyasını təklif edir. Xarici siyasətdə isə içiboş gündəliklərdən imtina edəcəyini söyləyir, ABŞ-ı “iqlim anlaşmasından” və “pandemiya” vaxtı özünü cinayətkarcasına aparan ÜST-dən çıxarmağı planlaşdırır. Münaqişələri aqressiv yolla, “ikili şantaj” yolu ilə çözəcəyini deyir. Yəni, məsələn, Putinə, “əgər normal şərtlərlə anlaşmasan, Ukraynaya hər şey verəcəyik, daha çox yardım edəcəyik, onlar da hər bölgənizə zərbələr endirəcək”, deyə bilər, Ukraynaya isə, “yerinə yetirilməsi mümkün olmayan tələblərdən əl çəkməsən, yardım tam dayanacaq”, – deyə bilər, buna da “ikili şantaj” deyilir. Demirəm ki, həmən effekti olacaq yoldur, amma Harrisdən fərqli olaraq, heç olmasa, nəsə təklif edir.

Amma bir şey dəqiqdir – seçkilərdən dərhal sonra kimin qalib gələcəyindən asılı olmayaraq, dünyada yeni “Yalta-Podstam-Helsinki” kimi masa qurulacaq, sadəcə, bu masanın şərtləri kimin qalib gəlməsinə uyğun olacaq.

İstənilən halda dünya “fraqmentallaşacaq”, yeni fraqmental dünyada fərqli güc mərkəzləri yaranacaq. Amma bu yeni güc mərkəzlərinin özü də 4 qlobal oyunçu arasında bölünəcək, yəni kurasiya bu dördlük tərəfindən (ABŞ, AB, Çin, Rusiya) birbaşa deyil, dolayısı ilə, yeni regional liderlər vasitəsi ilə həyata keçiriləcək.

Bizim üçün həyati vacib məsələ odur ki, yeni fraqmental dünyanın güc mərkəzlərindən biri qardaş Türkiyə olsun, Türk Dövlətləri Təşkilatı yeni cazibə mərkəzinə çevrilsin”.