“Bolt” etiraz edən sürücülərin nömrələrini blok etdi: “Müəyyən hesablara məhdudiyyət tətbiq edilib”

0
239

“Bolt” taksi sürücüləri şirkətlə bağlı şikayətlərini dilə gətirdikləri üçün sistemdən blok edildiklərini deyirlər. Şikayətlərinə gəldikdə isə baxılmadığını qeyd edirlər.

Eyni zamanda məsələ ilə bağlı sosial şəbəkədə də çoxsaylı paylaşımlar edilib.

Belə ki, şirkətlə əməkdaşlıq edən sürücülər deyirlər ki, şirkət proqram üzərindən sürücüyə sifarişi verəndə müştərinin gedəcəyi yeri, qiyməti, A və B arasındakı məsafəni əvvəldən görməyinə icazə vermir:

“Tələb edirik ki, bu məsələnin sistemdə düzəldilməsini təmin etsinlər. Bir başqa məsələ isə sürücülərə kartla olan sifarişlərdə pullarını əldə etməkdə yaradılan çətinliklə bağlıdır. Eyni zamanda, şirkətin sifarişlərə qoyduğu komissiya haqqı da çoxdur. Əgər qiymətləri qaldıra bilmirsə, şirkət özü sürücülərdən tutduğu 20% komissiyanı aşağı salsın, heç olmasa, 5-10% eləsin. Biz xahiş edirik ki, etiraz etdiyimiz, şikayətləndiyimiz məsələlərə görə nömrələrimizi blok etmək yerinə, çıxış yolu üçün danışıqlar aparsınlar”.

Nə üçün şirkət onunla əməkdaşlıq edən sürücülərin nömrələrini müəyyən durumlardan şikayətçi olduqlarına görə blok edib? Problemlərin çıxış yolu budurmu?

Sürücülərin kartla gediş üçün əldə etdikləri qazancın əlçatanlığını çətinləşdirməkdə məqsəd nədir?

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə e-mail üzərindən sorğu ünvanladıq. Sorğumuza “Bolt” dəstək komandasından Rəna adlı xanımın göndərdiyi cavaba əsasən, sürücülər ancaq sifarişi qəbul etdikdən sonra gediləcək ünvan, əlavə dayanacaqlar, ödəniş metodu və sairəni görə bilirlər:

“Əlavə olaraq bildirmək istərdik ki, sürücülərin və sahibkarların ödənişləri vaxtında hesablarına göndərilir. Bizim qaydalar və şərtlər bütün sürücülər üçün əlçatandır, xüsusilə də vurğulamaq istərdik ki, xidmətlərimizə qarşı uyğunsuz davranışlar tərəfimizdən ciddi şəkildə araşdırılır və bu barədə xüsusi tədbirlər görülür.

Son qeydə alınan platformamıza xələl gətirəcək davranış sərgiləndiyinə görə müəyyən sürücü hesablarına məhdudiyyət tətbiq edilib. 

Biz sürücülərimizə hər zaman hörmətlə yanaşırıq və xidmət göstərdiyimiz istənilən ölkədə şəffaflıq olması üçün çalışırıq. Platformamızla əməkdaşlıq etmək istəyən hər bir sürücü ilkin olaraq komissiya haqqı barəsində məlumatlandırılır və biz platforma olaraq yolumuzu yalnız əməkdaşlıq etmək istəyən sürücülərlə davam etdirməkdən məmnunuq”.