Baxımsız, yada düşməz, ağzı qıfıllı “Gənclik” stadionu – FOTO

0
362

Baxımsız qalan idman arenalarımızdan biri də Buzovna qəsəbəsində yerləşən “Gənclik” stadionudur.

Beş min tamaşaçı tutumu olan “Gənclik” stadionu Buzovnanın 1974-cü ildə yaradılmış eyniadlı ilk futbol klubunun adını daşıyır. Burada beş mövsüm Azərbaycanın güclülər dəstəsinin komandası çıxış edib.1990-cı illərdə “Gənclik” komandası dağılıb və onun bazasında “Xəzri-Eltac” formalaşdırılıb.

“Xəzri”nin ilk məşqçisi Məsud Əliyev olub. Komanda tarixi boyunca bir gümüş və bürünc medal qazana bilib.

“Xəzri” hətta 1996-cı ildə Azərbaycanı gümüş medalçımız kimi UEFA Kubokunda təmsil edib və Polşanın “Qutnik” (Krakov) klubu ilə qarşılaşıb – 0:9, 2:2.

Həmin dövrlərdə Buzovna “Xəzri” ilə nəfəs alıb. Kənd sakinləri o dövrləri xatırlayaraq deyirlər ki, bir zamanlar “Xəzri”nin oyunlarından əvvəl afişalar vurulurmuş, stadion tamamilə dolurmuş.

Ancaq 1997/1998-ci illər mövsümündə çempionatda səkkiz tur oynadıqdan sonra “Xəzri” dağılıb. Elə həmin vaxtdan “Gənclik” stadionu sözün əsl mənasında “yetim” qalıb. Baxımsızlıq stadiona öz möhürünü vurub.

Bundan sonra stadion gah uşaqların futbol meydançası olub, gah da heyvanların örüş yeri. İndinin özündə də vəziyyət fərqli deyil. Gənclər və İdman Nazirliyinin balansında olan arena diqqətdən məhrumdur.

Hektarlarla ərazisi olan stadionun bəzi hissələri artıq satılıb, yerində şəxsi evlər tkilib. Belə getsə, qısa müddət sonra buranın tamamilə ləğv edilməsi, stadionun traktorların ixtiyarına verilib, çoxmərtəbəli yaşayış evlərindən ibarət massivin salınması gözləniləndir.

Çünki idman qurğusunun halı aidiyyəti qurumları maraqlandırmır. Düzdür, yaxın vaxtlara kimi bir neçə futbol klubunun rəsmiləri yolunu Buzovnaya salıb, şəraiti yaxşılaşdırmaq şərtilə stadionu uzunmüddətli icarəyə götürmək istəyib.

Amma nə sirri-xudadırsa, gələnlərin hamısı kor-peşman geri qayıdıb.